2026-cı il futbol üzrə dünya çempionatının açılışı ərəfəsində argentinalı jurnalist Marselo Benedetto geniş maraq doğuran videonun qəhrəmanına çevrilib.
İdman.Biz TN-yə istinadən xəbər verir ki, DSPORTS-un müxbiri Mexikodakı “Asteka” stadionundan canlı yayım edərkən kolumbiyalı müğənni Şakiranın stadiona gəlişinin müşahidə edib.
Jurnalist efir zamanı jurnalist digər həmkarlarına “Mən onun yanına gedirəm” deyərək yayımı yarımçıq qoyub və müğənninin olduğu istiqamətə yollanıb. Benedetto təhlükəsizlik zonasından keçərək Şakiranın yanına çatıb və onunla birgə selfi çəkdirə bilib.
Şakira jurnalistin xahişini geri çevirməyib və həvəslə onunla şəkil çəkdirib. Efirə qayıdan reportyor isə təbəssümlə həmkarlarına əldə etdiyi fotonu nümayiş etdirib.
Daha sonra Benedetto zarafatla bu anı əfsanəvi boksçu Mayk Taysonla görüşü ilə müqayisə edib və dünya pop ulduzu ilə çəkdirdiyi selfinin peşəkar karyerasının ən yaddaqalan anlarından biri olduğunu bildirib.
Video qısa müddətdə sosial şəbəkələrdə böyük populyarlıq qazanıb və istifadəçilərin çoxsaylı zarafatlarına səbəb olub. Bir çox azarkeş jurnalistin hər gün qarşıya çıxmayan fürsətdən maksimum yararlandığını qeyd edib.
View this post on Instagram
