Meksika DÇ açılış oyunlarının rekordçusudur

11 İyun 2026 13:48
102
Meksika DÇ açılış oyunlarının rekordçusudur

Meksika futbol millisi dünya çempionatlarının açılış oyunlarında ən çox iştirak edən komanda kimi diqqət çəkir.

İdman.Biz xəbər verir ki, bu gün DÇ-2026-nın ilk matçında Cənubi Afrika ilə qarşılaşacaq Meksika mundialların açılış görüşlərində səkkizinci dəfə meydana çıxacaq.

Bu, dünya çempionatları tarixində keçirilən 23 açılış oyunundan səkkizi deməkdir. Beləliklə, Meksika açılış matçlarının 34,8 faizində iştirak edib.

“Asteklər” 1950-1962-ci illər aralığında ardıcıl dörd mundialın start oyununda meydana çıxıblar. Lakin komandanın bu qarşılaşmalardakı statistikası uğurlu deyil. Meksika əvvəlki yeddi açılış matçında qələbə qazanmayıb - iki heç-heçə və beş məğlubiyyət.

Bu oyunlarda komanda cəmi iki qol vurub, qapısından isə 19 top buraxıb.

Meksika Cənubi Afrika ilə açılış oyununda daha əvvəl də qarşılaşıb. 2010-cu ildə CAR-da keçirilən dünya çempionatının ilk matçı 1:1 hesabı ilə başa çatıb.

Bu gün keçiriləcək Meksika - Cənubi Afrika görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman.Biz