Avstraliya böyük futbol həyəcanı yaşayır - İDMAN.BİZ-in əməkdaşı Melburndan yazır

10 İyun 2026 20:45
117
Avstraliya böyük futbol həyəcanı yaşayır - İDMAN.BİZ-in əməkdaşı Melburndan yazır

DÇ-2026-nın iştirakçısı olan bir çox ölkə kimi, Avstraliya da futbol azarkeşlərinin ən böyük bayramına ciddi şəkildə hazırlaşır. ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Çempionatının oyunlarının yayımlandığı əsas məkanlardan biri Melburn olacaq. Azarkeşlər qarşılaşmaların gedişatını şəhərin tam mərkəzində yerləşən Federasiya Meydanında izləyə biləcəklər.

İdman.Biz-in Melburnda olan əməkdaşının verdiyi məlumata görə, ölkədə futbola maraq, əlbəttə ki, Avstraliya futbolu, reqbi və ya kriketlə müqayisədə daha aşağıdır. Lakin dünya çempionatı kimi mötəbər turnir, şübhəsiz ki, adətən futbolla maraqlanmayan insanları da əhatə etməklə çox geniş auditoriyanı bir araya gətirir. Marketinq texnologiyaları, məlumat analitikası və media platformaları sahəsində fəaliyyət göstərən "Nexxen" şirkətinin son araşdırmalarına əsasən, qitədə dünyanın əsas futbol tədbirinə maraq artmaqdadır. Avstraliyalıların təxminən 88 faizi turniri izləməyi planlaşdırır, respondentlərin 79 faizi isə millinin yarışdan kənarda qalacağı halda belə, reportajları izləməyə davam edəcəyini bildirib.

Buna görə də əminliklə demək olar ki, DÇ-2026 yay mövsümünün ən çox gözlənilən hadisələrindən biri olacaq. Daha doğrusu, qışın, çünki hazırda Avstraliyada rəsmi olaraq soyuq mövsüm başlayıb. Amma təbii ki, bu, Bakı qışı deyil – bu günlərdə Melburnda havanın temperaturu 17-18 dərəcə səviyyəsində qalır.

Şəhərdə təşkil olunacaq oyun yayımlarının böyük maraqla qarşılanacağı gözlənilir. Xüsusilə də Avstraliyanın yer aldığı qrupun maraqlı olması buna əlavə stimul verir. İyunun 14-də "Sokkeruz" (Avstraliya kişi futbol millisinin rəsmi ləqəbidir – red) Vankuverdə Türkiyə ilə qarşılaşacaq, iyunun 20-də Sietldə ABŞ-yə qarşı oynayacaq, qrup mərhələsini isə iyunun 26-da San-Fransiskoda Paraqvaya qarşı matçla başa vuracaq.

Ekranlar Melburnun mərkəzi hissələrində quraşdırılır. Lakin yayımların əsas ünvanı şəhərin mərkəzində yerləşən və Melburnun ən məşhur ictimai məkanlarından biri sayılan Federasiya Meydanı olacaq. Bundan başqa, azarkeşləri "Marvel" stadionu və Melburnun futbol klublarının ev arenası olan "AAMI Park" da gözləyir.

Avstraliya millisi 2026 Dünya Çempionatına yubiley göstəricisi ilə gəlir. Komanda düz 20 ildir ki, (2006-cı ildən etibarən) ardıcıl şəkildə mundialın final mərhələlərində çıxış edir. "Sokkeruz" ilk dəfə 1974-cü Dünya Çempionatına vəsiqə qazansa da, əsl yüksəlişini 21-ci əsrdə yaşayıb və iki dəfə 1/8 final mərhələsinə qədər irəliləyib. Dörd il əvvəl Qətərdə keçirilən dünya çempionatı zamanı yayımlar on minlərlə avstraliyalı azarkeşi bir araya toplamışdı. Buna görə də Federasiya Meydanında yaradılacaq atmosferin ən azı dörd il əvvəlki ab-havadan geri qalmayacağı gözlənilir.

Ümumilikdə, avstraliyalılar DÇ-2026-ya ehtiyatlı nikbinliklə yanaşırlar. Azarkeşlərin əksəriyyəti öz millisini qrupun favoriti hesab etməsə də, komandanın növbəti mərhələyə yüksəlmək və pley-off uğrunda mübarizə aparmaq gücündə olduğuna inanır. 2022-ci il Dünya Çempionatındakı uğurlu çıxışdan sonra gözləntilər nəzərəçarpacaq dərəcədə artıb. Buna görə də pley-offa yüksəlmək minimum hədəf kimi qiymətləndirilir.

İdman.Biz