Futbol üzrə 2026-cı il Dünya Çempionatında ofsayd epizodları üçün yeni yarımavtomatik sistem tətbiq olunacaq.
İdman.Biz xəbər verir ki, FIFA turnirdə hakim qərarlarını sürətləndirmək və mübahisəli epizodları azaltmaq üçün qabaqcıl texnologiyalardan istifadə edəcək. Yeni sistem açıq ofsayd hallarında məlumatı birbaşa meydandakı hakimlərə ötürəcək və köməkçi hakim daha tez bayraq qaldıra biləcək.
Yeniliyin əsas fərqi real vaxt rejimində işləməsidir. Futbolçu 10 santimetrdən çox ofsaydda olarsa, köməkçi hakimə səs siqnalı göndəriləcək. Əvvəlki sınaqlarda bu hədd 50 santimetr idi.
FIFA-nın innovasiyalar üzrə direktoru Yohannes Holzmüller bildirib ki, sistem yalnız mövqe ofsaydlarını müəyyənləşdirəcək. Futbolçunun oyuna müdaxilə edib-etməməsi kimi subyektiv epizodlarda son qərar yenə hakimlərin olacaq.
Turnirdə iştirak edəcək bütün futbolçuların 3D modeli də hazırlanacaq. 48 komandanın heyətində yer alacaq 1248 oyunçu xüsusi skandan keçiriləcək və onların rəqəmsal avatarları ofsayd animasiyalarında istifadə olunacaq. Bu, həm VAR qərarlarını daha dəqiq göstərməyə, həm də azarkeşlər üçün epizodların daha aydın izahına kömək edəcək.
Yeni texnologiya topun meydanı tərk edib-etmədiyini müəyyənləşdirmək üçün də istifadə olunacaq. FIFA hər stadionda 16 optik izləmə kamerası quraşdıracaq və hər matçda 150 milyondan çox izləmə məlumatı toplanacaq. Bu məlumatlar topun qapı xətti və ya yan xətti keçib-keçmədiyini, həmçinin hücum zamanı mübahisəli epizodları yoxlamağa imkan verəcək.
Bundan başqa, VAR hakimləri qapıçının görmə xətti ilə bağlı epizodları daha dəqiq analiz edə biləcəklər. Əgər ofsaydda olan hücumçu qapıçının topu görməsinə mane olarsa, 3D görüntü həmin vəziyyəti yoxlamağa şərait yaradacaq.
Bu dəyişikliklərin məqsədi açıq ofsayd epizodlarında oyunun lazımsız yerə davam etməsinin qarşısını almaqdır. 2025-ci ildə “Nottingem Forest” futbol komandasının hücumçusu Tayvo Avoniyi “Lester”lə oyunda dirəklə toqquşaraq ağır zədə alıb və əməliyyatdan sonra süni komaya salınıb. Həmin epizod ofsayd bayrağının gec qaldırılması ilə bağlı müzakirələri yenidən gündəmə gətirmişdi.
Qeyd edək ki, 2026-cı il Dünya Çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnir 11 iyundan 19 iyuladək davam edəcək.
