Dünya Çempionatı “Fənərbağça” və “Qalatasaray”a sərvət gətirəcək

4 İyun 2026 17:39
96
Dünya Çempionatı “Fənərbağça” və “Qalatasaray”a sərvət gətirəcək

Türkiyənin “Qalatasaray” və “Fənərbağça” futbol klubları 2026-cı il Dünya Çempionatından ciddi gəlir əldə edə bilər.

İdman.Biz Türkiyə mediasına istinadən xəbər verir ki, FIFA-nın “Club Benefits Programme” layihəsi çərçivəsində mundiala futbolçu göndərən klublara ödəniş ediləcək. FIFA-nın rəsmi məlumatına görə, 2026-cı il Dünya Çempionatı üçün bu proqram üzrə ümumi məbləğ 355 milyon ABŞ dollarına (603,5 milyon AZN) çatdırılıb. Bu, 2022-ci il turniri ilə müqayisədə təxminən 70 faiz artım deməkdir.

Avropa Futbol Klubları təşkilatının məlumatında qeyd olunur ki, ödənişlər turnirin açılış matçından 10 gün əvvəl başlayacaq və futbolçunun turnirdə son oyunundan bir gün sonraya qədər hesablanacaq. 2022-ci ildə klublara oyunçu başına gündə 10 950 ABŞ dolları ödənilib, 2026-cı il üçün ümumi fond isə 355 milyon ABŞ dolları müəyyənləşdirilib.

Dünya Çempionatına 11 futbolçu göndərən “Qalatasaray” gündə təxminən 121 min ABŞ dolları (205,7 min AZN) qazana bilər. Noa Lanqın icarə müqaviləsi 30 iyunda başa çatacağı üçün həmin tarixdən sonrakı ödənişlər futbolçunun müqavilə ilə məxsus olduğu “Napoli”yə yönələ bilər.

“Fənərbağça”da isə rəqəmin daha yüksək olması gözlənilir. Bildirilir ki, 30 iyundan sonra mundialda çıxış edən futbolçuların sayı 12-yə çata bilər. Bu halda İstanbul təmsilçisinin gündəlik gəliri təxminən 132 min ABŞ dolları (224,4 min AZN) olacaq.

İrfan Can Kahveci, Sofyan Amrabat və Dominik Livakoviçin Dünya Çempionatı macərası davam edərsə, 1 iyuldan etibarən bu futbolçulara görə FIFA ödənişləri də “Fənərbağça”ya keçəcək.

Qeyd edək ki, 2026-cı il Dünya Çempionatı 11 iyun - 19 iyul tarixləri arasında üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.

İdman.Biz