İsveçrə futbol millisi 2026-cı il Dünya Çempionatına hazırlıq çərçivəsində İordaniya seçməsinə qalib gəlib.
İdman.Biz xəbər verir ki, Sankt-Qallendəki “Kibunpark” stadionunda keçirilən yoldaşlıq görüşü meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 28-ci dəqiqədə Bril Embolo penaltidən açıb. 33-cü dəqiqədə Dan Ndoy fərqi artırıb. Birinci hissənin sonlarında Qranit Caka daha bir penaltini dəqiq yerinə yetirərək İsveçrəni fasiləyə 3:0 üstünlüklə aparıb.
İordaniya ikinci hissədə fərqi azaltmağı bacarıb. 52-ci dəqiqədə Odeh Əl-Faxuri qonaqların yeganə qolunu vurub. Lakin 79-cu dəqiqədə Kristian Fassnaxt yekun hesabı müəyyənləşdirib - 4:1.
Hər iki komanda 2026-cı il Dünya Çempionatının final mərhələsində çıxış edəcək. İsveçrə B qrupunda Kanada, Qətər və Bosniya və Herseqovina ilə üz-üzə gələcək. İordaniya isə J qrupunda Argentina, Əlcəzair və Avstriya ilə mübarizə aparacaq.
2026-cı il Dünya Çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək.
