İran futbol millisinin DÇ-2026 zamanı ABŞ-yə yalnız bir neçə saatlıq giriş icazəsi ilə buraxılacağı barədə yayılan iddialar FIFA qaydaları ilə ziddiyyət təşkil edir.
İdman.Biz İran mediasına istinadən xəbər verir ki, İran Futbol Federasiyası və FIFA komandanın dünya çempionatı dövründə əsas məşq düşərgəsinin ABŞ-nin Arizona ştatındakı Tuson şəhərindən Meksikanın Baxa Kaliforniya ştatındakı Tihuana şəhərinə köçürüldüyünü təsdiqləyib. Bundan sonra İran millisinin ABŞ-yə yalnız oyunlardan bir neçə saat əvvəl daxil olacağı və matçdan bir neçə saat sonra Meksikaya qayıdacağı barədə iddialar yayılıb.
Lakin FIFA-nın DÇ-2026 üçün müəyyən etdiyi qaydalara əsasən, İran millisi oyunlardan bir və ya iki gün əvvəl ev sahibi şəhərdə ola və matçın keçiriləcəyi stadionla tanışlıq sessiyası keçirə bilər. Bundan başqa, baş məşqçi və futbolçulardan birinin oyundan əvvəlki mətbuat konfransında iştirakı da nəzərə alınmalıdır.
FIFA qaydalarının 35.1-ci maddəsinə əsasən, oyunöncəsi rəsmi məşqlərin stadionun əsas meydanında keçirilməsinə icazə verilmir. 35.2-ci maddədə isə qeyd olunur ki, daha əvvəl həmin stadionda oynamayan komandalar matçdan bir və ya iki gün əvvəl stadionla tanışlıq hüququna malikdirlər.
İran millisi DÇ-2026-nın G qrupunda mübarizə aparacaq. Komanda 26 iyunda Los-Ancelesdə Yeni Zelandiya, 31 iyunda eyni şəhərdə Belçika, 6 iyulda isə Sietldə Misir millisi ilə qarşılaşacaq.
