Neymar 2-3 həftəlik sıradan çıxdı

28 May 2026 19:15
134
Neymar 2-3 həftəlik sıradan çıxdı

Braziliya millisinin futbolçusu Neymar Dünya Çempionatı ərəfəsində zədə problemi ilə üzləşib.

İdman.Biz xəbər verir ki, 34 yaşlı hücumçu sağ baldır əzələsindəki problemə görə millinin məşqini buraxıb və tibbi müayinədən keçib.

Braziliya mətbuatının məlumatına görə, Neymarın əzələsində dartılma və ödəm aşkarlanıb. Futbolçunun təxminən iki-üç həftə yaşıl meydanlardan kənarda qala biləcəyi deyilir.
Bu vəziyyət forvardın Dünya Çempionatının startına tam hazır olub-olmayacağı ilə bağlı suallar yaradıb. Braziliya yığması turnirdə ilk oyununu 13 iyunda Mərakeşə qarşı keçirəcək. Komanda C qrupunda Mərakeş, Haiti və Şotlandiya ilə mübarizə aparacaq.

Neymar zədəni Braziliyanın “Santos” futbol komandasında çıxışı zamanı alıb.

Braziliya millisinin tarixinin ən yaxşı bombardiri olan Neymar yığmada 128 oyunda 79 qol vurub. O, 2023-cü ildən sonra millinin heyətində meydana çıxmayıb.

İdman.Biz