Yeni Zelandiyanın “Vellinqton Feniks” futbol komandasının müdafiəçisi Tim Peyn sosial şəbəkələrdə gözlənilmədən böyük populyarlıq qazanıb.
İdman.Biz xəbər verir ki, 32 yaşlı futbolçunun izləyici sayı qısa müddətdə 4 700-dən 702 000-olub. Buna argentinalı bloqer Valen Skarsininin paylaşımı səbəb olub.

Bloqer Dünya Çempionatında “bütün azarkeşləri milliyyətindən asılı olmayaraq birləşdirəcək” futbolçu axtardığını bildirib. O, turnirin ən az tanınan oyunçusu kimi Tim Peyni seçib və izləyicilərini onun sosial şəbəkə hesabına abunə olmağa, paylaşımlarını bəyənməyə və şərh yazmağa çağırıb.

Çağırışdan sonra Peyn qısa müddətdə sosial şəbəkələrin əsas qəhrəmanlarından birinə çevrilib. Onun paylaşımlarında əvvəllər 200-300 bəyənmə qeydə alınırdısa, indi bu rəqəm yüz minlərlə ölçülür.

Peyn Valen Skarsiniyə mesaj göndərərək dəstəyə görə təşəkkür edib.
Qeyd edək ki, Tim Peyn Yeni Zelandiya millisinin heyətində Dünya Çempionatında çıxış edəcək. Yeni Zelandiya millisi G qrupunda İran, Misir və Belçika yığmaları ilə qarşılaşacaq.
