Toyda pasportu oğurlandı, Dünya Çempionatı səfəri ləngidi

28 May 2026 01:48
276
Toyda pasportu oğurlandı, Dünya Çempionatı səfəri ləngidi

Fransanın “Lans” futbol komandasında icarə əsasında çıxış edən müdafiəçi Səud Əbdülhəmid Səudiyyə Ərəbistanı millisinin toplanışına gec qatılacaq.

İdman.Biz xəbər verir ki, 26 yaşlı futbolçunun pasportu Amsterdamda oğurlanıb. Əbdülhəmid ailəsi ilə birlikdə nikah mərasimi üçün Niderlandın paytaxtına gedib. Bu zaman onun şəxsi avtomobili qarət olunub və xarici pasportu ilə yanaşı, bəzi qiymətli əşyaları da oğurlanıb.

Bu səbəbdən müdafiəçi Səudiyyə Ərəbistanı millisinin Dünya Çempionatı öncəsi hazırlıq toplanışına vaxtında qoşula bilməyib. Səudiyyə Ərəbistanı Futbol Federasiyası məsələ ilə bağlı İdman Nazirliyi və ölkənin Niderlanddakı səfirliyi ilə birgə sənədlərin yenilənməsi üçün hərəkətə keçib. Qısa müddət ərzində problem həllini tapıb. Əbdülhəmid yeni pasportunun hazırlandığını və Dünya Çempionatı hazırlığı üçün milliyə qoşulmağa hazır olduğunu sosial şəbəkə hesabında bildirib.

Səudiyyə Ərəbistanı millisi Dünya Çempionatında H qrupunda İspaniya, Uruqvay və Kabo-Verde ilə mübarizə aparacaq. Komanda turnirə hazırlıq çərçivəsində ABŞ-də toplanış keçirəcək.

İdman.Biz