Braziliyanın “Santos” futbol komandasının hücumçusu Neymar Dünya Çempionatı ərəfəsində zədə problemi ilə üzləşib.
İdman.Biz xəbər verir ki, 34 yaşlı futbolçunun sağ baldırında yüngül zədə aşkarlanıb. “Santos”un tibbi departamentinin koordinatoru Rodriqo Zoqayb Neymarın durumunun ciddi olmadığını, planın onu gələn həftə Braziliya Futbol Konfederasiyasına tam hazır vəziyyətdə təhvil vermək olduğunu bildirib.
Məlumata görə, futbolçunun müalicəsi beş gündən 10 günə qədər çəkə bilər. Bu səbəbdən onun “Santos”un qarşıdakı oyunlarını buraxacağı gözlənilir.
Neymar zədəni Braziliya çempionatında “Koritiba” ilə matçın ikinci hissəsində alıb.
Braziliya millisinin məşqçilər korpusu da vəziyyətdən xəbərdardır və futbolçunun bərpası prosesini yaxından izləyir. CBF Neymarın Dünya Çempionatı öncəsi tam hazır vəziyyətə qayıtmasını istəyir.
“Çelsi”nin hücumçusu Joao Pedro daha əvvəl Dünya Çempionatı heyətinə düşməyə əsas namizədlərdən biri hesab olunurdu. Lakin Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti yekun seçimdə Neymar və digər hücumçulara üstünlük verib. Ançelotti Joao Pedronun heyətdən kənarda qalmasına görə təəssüfləndiyini bildirib və onun Avropada keçirdiyi mövsümlə siyahıda yer almağa layiq olduğunu deyib.
Hazırda Braziliya millisində yekun qərarın verilməsi Neymarın bərpa prosesindən asılı olacaq. Əgər 34 yaşlı futbolçu Dünya Çempionatına qədər tam hazır vəziyyətə qayıda bilməsə, Joao Pedronun heyətə qaytarılması variantı gündəmə gələ bilər.
