Konqo futbol millisinin azarkeşləri 2026-cı il Dünya Çempionatını ABŞ-də stadiondan izləməyə bilər.
İdman.Biz xəbər verir ki, ABŞ Ebola virusunun yayılması fonunda Konqo Demokratik Respublikası, Uqanda və Cənubi Sudanda olmuş qeyri-Amerika vətəndaşları üçün ölkəyə giriş məhdudiyyəti tətbiq edib. Məhdudiyyət son 21 gün ərzində bu ölkələrdə olan şəxslərə şamil olunur.
Buna baxmayaraq, Konqo millisinin Dünya Çempionatında iştirakı təhlükə altında deyil. ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi bildirib ki, komandanın turnirə gəlməsi üçün xüsusi protokol üzərində işlənilir. Milli üzvləri zərurət yaranarsa, ABŞ vətəndaşları və daimi yaşayış icazəsi olan şəxslər üçün nəzərdə tutulan test və izolyasiya prosedurlarına cəlb ediləcəklər.
Eyni güzəştin adi azarkeşlərə tətbiq olunmayacağı bildirilir. Bu səbəbdən Konqo fanatlarının ABŞ-yə səfəri böyük ölçüdə bloklana bilər. Mənbəyə görə, komanda üzvləri Avropada hazırlıq keçdiyi üçün qadağanın onlara birbaşa təsir etməməsi də mümkündür.

Məlumata görə, Konqonun məşhur azarkeşi Lumumba isə Dünya Çempionatına gedə biləcək. Buna səbəb onun millinin rəsmi nümayəndə heyətinə daxil edilməsidir.

Qeyd edək ki, Ebola epidemiyası ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı narahatlıq ifadə edib. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi ölkə daxilində riskin aşağı olduğunu bildirsə də, sərhəd nəzarəti və monitorinq tədbirlərini gücləndirib.
