Futbol üzrə DÇ-2026-nın açılışı necə olacaq? - İDMAN.BİZ-in İCMALI

9 May 2026 17:14
161
Futbol üzrə DÇ-2026-nın açılışı necə olacaq? - İDMAN.BİZ-in İCMALI

Futbol üzrə dünya çempionatı getdikcə yaxınlaşır. FIFA artıq tarixdə ilk dəfə üç ölkədə eyni vaxtda keçiriləcək açılış mərasimlərinin detalları barədə məlumat verib.

İdman.Biz-in məlumatına görə, dördilliyin ən böyük futbol turnirinə Meksikanın paytaxtı Mexikoda start veriləcək. Açılış mərasimi 11 iyunda keçiriləcək və DÇ-2026-nın ilk oyunu olan Meksika - Cənubi Afrika Respublikası matçından 90 dəqiqə əvvəl başlayacaq.

Baş ifaçılar sırasında ispandilli dünyanın tanınmış ulduzları yer alır: Alejandro Fernandes, Belinda, Denni Oşen, Cey Balvin, Lila Dauns, Los Angeles Azules və Mana. Dünya auditoriyasına daha geniş tanış olan ifaçılar arasında isə Cənubi afrikalı müğənni Tayla da var. Mərasim tam şəkildə Meksika mədəniyyətini əks etdirən immersiv formatda təqdim olunacaq. Gecənin əsas vizual simvollarından biri isə “papel picado” (nazik kağız üzərində naxışların kəsilməsi ilə hazırlanan və rəngarəng bayram bəzəklərinə çevrilən ənənəvi Meksika sənəti) olacaq.

Bu günü daha da xüsusi edən məqam “Asteka” stadionu olacaq. Bu arena tarixdə üç dünya çempionatına - 1970, 1986 və 2026-cı illərə ev sahibliyi edən ilk stadion kimi tarixə düşəcək. Məhz burada 1970-ci ildə əfsanəvi braziliyalı futbolçu Pele üçüncü və son dünya çempionluğu titulunu qazanıb. 1986-cı ildə isə “Asteka” tribunaları futbol tarixinin ən məşhur oyunlarından birinə - Argentina - İngiltərə (2:1) dörddəbir final matçına şahidlik edib. Həmin qarşılaşmada Dieqo Maradona cəmi bir neçə dəqiqə fərqlə “Tanrının əli” və “Əsrin qolu” kimi tarixə düşən iki epik qol vurmuşdu. Həmin dünya çempionatının qalibi isə Argentina millisi olmuşdu.

Açılış mərasimlərinin estafeti Mexikodan sonra Torontoya keçəcək. Kanadada keçiriləcək ilk oyun milli komandanın Bosniya və Herseqovina ilə qarşılaşması olacaq. Təntənəli mərasim 12 iyunda baş tutacaq. Səhnədə Alanis Morissett, Alessia Kara, Eliana, Cessi Reyez, Maykl Buble, Nora Fatehi, Vegedream, Uilyam Prins və digər tanınmış ifaçıların çıxışı gözlənilir. Təşkilatçıların məlumatına görə, Kanada mərasimi ölkəni “sahildən sahilə” əhatə edən obrazlar və anlar vasitəsilə təqdim olunacaq. Əsas mövzu isə ölkənin çoxmədəniyyətliliyini və müxtəlif icmalarını simvolizə edən mozaika olacaq.

Final açılış şousu 12 iyunda Los-Ancelesdə keçiriləcək. Eyni gündə ABŞ milli komandası Paraqvayla ilk oyununa çıxacaq. Bu mərasimdə musiqi proqramının xüsusilə ulduzlarla zəngin olacağı gözlənilir. Səhnədə Keti Perri, Future, Anitta, LISA, Rema və Tayla kimi dünya şöhrətli ifaçıların çıxışı planlaşdırılır. FIFA artıq iştirakçı ulduzların siyahısının daha da genişlənə biləcəyinə də işarə edib. Mərasimlə bağlı bütün detallar hələ tam açıqlanmayıb və bu da marağı daha da artırır. Gözləntilərə görə, bu şou açılış mərasimləri arasında ən möhtəşəmlərindən biri olacaq.

Beləliklə, DÇ-2026-nın açılış konsepti futbolu ev sahibi ölkələrin unikal kimliyi vasitəsilə təqdim etməkdir. Bu ölkələr ümumi ritm üzərində birləşərək idmana olan ümumi ehtirası və sevgini simvolizə edəcək.

Qeyd edək ki, DÇ-2026 rekord sayda - 104 oyunu əhatə edəcək və matçlar 16 ev sahibi şəhərdə keçiriləcək. Final qarşılaşması isə 19 iyulda “Nyu-York-Nyu-Cersi” stadionunda baş tutacaq.

İdman.Biz
Məqalədə: