İtaliyalılar ABŞ-nin gülünc təklifini rədd etdilər

24 Aprel 2026 01:11
183
İtaliyalılar ABŞ-nin gülünc təklifini rədd etdilər

ABŞ hökumətinin xüsusi nümayəndəsi Paolo Dzampollinin İranın kənarlaşdırılaraq İtaliyanın DÇ-2026-ya daxil edilməsi ilə bağlı FIFA-ya ünvanladığı təklif İtaliyada sərt təpki ilə qarşılanıb.

İdman.Biz xəbər verir ki, İtaliya idman rəhbərliyi və futbol ictimaiyyəti bu ideyanı qeyri-mümkün və qeyri-etik adlandırıb.

İtaliya Milli Olimpiya Komitəsinin rəhbəri Luçano Bonfilyo bu təklifi gülünc adlandırıb:

“Dünya çempionatına vəsiqə qazanmaq üçün meydanda mübarizə aparmaq lazımdır. Siyasi səbəblərə görə turnirə gedəriksə, bunu özümə təhqir sayaram”.

İtaliyanın idman naziri Andrea Abodi də məsələyə münasibət bildirərək, belə bir dəvətin ölkənin şanına yaraşmadığını vurğulayıb:

“Dünya çempionatına vəsiqə futbol meydançasında qazanılır”.

İtaliyalı təcrübəli mütəxəssis, “Torino” və “Udineze”nin keçmiş baş məşqçisi Canni de Byazi isə ABŞ prezidentinə qarşı daha kəskin ifadələr işlədib. O, İtaliyanın belə bir məsələdə Donald Trampın dəstəyinə ehtiyacı olmadığını deyib:

“Bu, ağlabatmaz təklifdir. Əgər İran turnirdə iştirak etməsə, məntiqlə onu seçmə mərhələdə ardınca gələn komanda əvəzləməlidir. Biz öz işimizin öhdəsindən özümüz gələ bilərik”.

İdman.Biz