PSJ-nin baş məşqçisi Luis Enrike komandanın və Fransa yığmasının qapıçısı Lük Şevalyenin 2026-cı ildə keçiriləcək dünya çempionatına qədərki oyun praktikası ilə bağlı sualı cavablandırıb. Cari mövsümdə fransalı qolkiper əsas heyət uğrunda mübarizədə rusiyalı Matvey Safonova uduzaraq ehtiyat oyunçular skamyasında qalıb.
İdman.Biz “L'Équipe” nəşrinə istinadla xəbər verir ki, mütəxəssis Şevalyenin mundiala hazırlıq prosesinin onu maraqlandırmadığını açıq şəkildə bildirib.
Enrike dünya çempionatına yollanacaq futbolçuların klubdakı vəziyyətini nəzərə alıb-almadığına dair suala belə cavab verib:
“Mən PSJ-nin məşqçisiyəm, məni başqa heç nə narahat etmir. Bu, məni maraqlandırmır. Mən klubdakı vəziyyəti idarə etməliyəm. Qalan hər şey isə tamamilə aydındır”.
Qeyd edək ki, Şevalye cari mövsümdə bütün turnirlərdə 26 matçda iştirak edib və onlardan onunda qapısını toxunulmaz saxlayıb. 2026-cı ilin iyun-iyul aylarında ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında Fransa yığması Seneqal, İraq və Norveç komandaları ilə qarşılaşacaq.
