Türkiyə Superliqasının 31-ci turunun nəhəng derbisində “Qalatasaray” və “Fənərbağça” üz-üzə gəliblər. “RAMS Park” stadionunda baş tutan mübarizə meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, oyunun 13-cü dəqiqəsində “Fənərbağça” penalti fürsətindən yararlana bilməyib. Taliska topu qapının yanından auta göndərib. “Qalatasaray” isə 40-cı dəqiqədə Viktor Osimhenin qolu ilə önə keçib.
İkinci hissədə gərginlik daha da artıb. 60-cı dəqiqədə Viktor Osimhen və Lukas Torreyranın qolları ofsayd səbəbindən ləğv edilsə də, az sonra meydan sahibləri penalti zərbəsi qazanıblar. Bu epizodda “Fənərbağça”nın qapıçısı Ederson zərbə üçün qapıya keçmədiyi üçün ikinci sarı vərəqə ilə meydandan qovulub. Barış Alper Yılmaz penaltini dəqiq yerinə yetirərək fərqi iki topa çatdırıb. Matçın 83-cü dəqiqəsində Lukas Torreyra derbidə son nöqtəni qoyub – 3:0.
Bu nəticədən sonra xallarını 74-ə çatdıran “Qalatasaray” ən yaxın izləyicisi “Fənərbağça” ilə fərqi yeddiyə çıxarıb.
Növbəti turda “Qalatasaray” səfərdə “Samsunspor” ilə üz-üzə gələcək. “Fənərbağça” isə öz meydanında “Başakşəhər”i qonaq edəcək.
18:09
Türkiyə Superliqasının 31-ci turunda sağ qalmaq uğrunda mübarizə aparan Türkiyənin “Gənclərbirliyi” futbol komandası səfərdə “Kocaelispor”u 1-0 hesabı ilə məğlub edərək mühüm qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, paytaxt təmsilçisi on oyundan sonra nəhayət qələbə həsrətinə son qoyub. “Eryaman” stadionunda baş tutan qarşılaşmada meydan sahiblərinə üç xalı gətirən yeganə qolu 34-cü dəqiqədə penaltidən Metehan Mimaroğlu vurub.
Bu nəticə ilə “Gənclərbirliyi” (14) xallarının sayını 28-ə yüksəldərək aşağı liqaya düşmək pilləsindən uzaqlaşıb. “Kocaelispor” (11) isə 36 xalda qalıb.
Baş məşqçi Volkan Demirel isə komandadakı ikinci dövründə ilk liqa qələbəsini əldə edib.
