İspaniya La Liqasının 32-ci turunda “Atletiko” futbol komandası Bilbaonun “Atletik” klubunu qəbul edib. “Sivitas Metropolitano” stadionunda baş tutan gərgin qarşılaşma ev sahiblərinin üç-iki hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, matçda hesabı iyirmi üçüncü dəqiqədə qonaqların müdafiəçisi Aytor Paredes açıb. İkinci hissəyə daha fəal başlayan Madrid təmsilçisi qırx doqquzuncu dəqiqədə ulduz hücumçusu Antuan Qrizmannın qolu ilə tarazlığı bərpa edib. Cəmi beş dəqiqə sonra Aleksandr Sörlot meydan sahiblərini önə çıxarıb. Norveçli hücumçu 93-cü dəqiqədə dublunu rəsmiləşdirərək komandasının üstünlüyünü artırıb. Oyunun son saniyələrində, 97-ci dəqiqədə Qorka Quruseta fərqi minimuma endirsə də, bu, “Atletik”in məğlubiyyətdən xilas olması üçün kifayət etməyib.
Bu nəticədən sonra sonra 60 xal toplayan “Atletiko” dördüncü pillədə qərarlaşıb. 41 xalı olan Bilbao təmsilçisi isə doqquzuncu yerdədir. Növbəti turda, mayın ikinci günü “Atletiko” səfərdə “Valensiya”nın qonağı olacaq. “Atletik” isə həmin gün “Alaves” ilə qarşılaşacaq.
22:57
“Valensiya” futbol komandası İspaniya La Liqasının 32-ci turu çərçivəsində “Jirona”nı qəbul edib. “Mestalya” stadionunda keçirilən görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, oyunun 51-ci dəqiqəsində “Valensiya”nın hücumçusu Lardji Ramazani hesabı açıb. 60-cı dəqiqədə Umar Sadiq meydan sahiblərinin üstünlüyünü iki qata çatdırıb. Üç dəqiqə sonra “Jirona”nın oyunçusu Xoel Roka bir qolun əvəzini çıxsa da, bu, yekun hesabı müəyyənləşdirib.
Bu qələbədən sonra xallarının sayını 39-a çatdıran “Valensiya” turnir cədvəlinin 11-ci pilləsinə yüksəlib. 38 xalı olan “Jirona” isə 14-cü yerdə qərarlaşıb.
Növbəti turda “Jirona” mayın birində səfərdə “Malyorka” ilə qarşılaşacaq. “Valensiya” isə bir gün sonra öz meydanında “Atletiko”nu qonaq edəcək.
21:01
İspaniya La Liqasında çempionluq uğrunda mübarizə aparan “Barselona” komandası 32-ci tur çərçivəsində səfərdə “Xetafe”nin qonağı olub. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, kataloniyalıların heyətində ilk qolu oyunun 45-ci dəqiqəsində yarımmüdafiəçi Fermin Lopes rəqib qapısından keçirib. Matçın 74-cü dəqiqəsində isə hücumçu Markus Reşford fərqlənərək komandasının qələbəsini rəsmiləşdirib.
Bu qələbədən sonra “Barselona” xallarının sayını 85-ə çatdıraraq turnir cədvəlində liderliyini davam etdirir. 44 xalı olan “Xetafe” isə altıncı pillədə qərarlaşıb.
18:07
“Alaves” futbol komandası İspaniya La Liqasının 32-ci turu çərçivəsində öz meydanında “Malyorka”nı qəbul edib. Meydan sahibləri gərgin keçən qarşılaşmada 2:1 hesablı qələbəyə seviniblər.
İdman.Biz xəbər verirki, oyunun 18-ci dəqiqəsində Samu Koştanın ötürməsini qola çevirən Xan Virxili qonaqları önə keçirib. Lakin fasilədən sonra üstünlüyü ələ alan meydan sahibləri vəziyyəti dəyişməyi bacarıblar. 56-cı dəqiqədə Abde Rebbasın ötürməsindən sonra Toni Martines tarazlığı bərpa edib. 69-cu dəqiqədə isə Martines dublunu rəsmiləşdirərək “Alaves”ə qələbə qazandıran qola imza atıb.
Bu qələbədən sonra xallarının sayını 36-ya çatdıran “Alaves” turnir cədvəlində 15-ci pilləyə yüksəlib. Aktivində 35 xal olan “Malyorka” isə 16-cı sırada qərarlaşıb.
