Liqa 1: “Nitsa” məğlubiyyətdən son dəqiqələrdə qaçdı - YENİLƏNİB

27 Aprel 2026 01:15
1 041
Liqa 1: “Nitsa” məğlubiyyətdən son dəqiqələrdə qaçdı - YENİLƏNİB

Fransa Liqa 1-in 31-ci turunda “Marsel” öz meydanında “Nitsa”nı qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, oyunun birinci hissəsində tərəflərin cəhdlərinə baxmayaraq, hesab açılmayıb. Görüşdə sükut 66-cı dəqiqədə pozulub. Meydan sahiblərinin yarımmüdafiəçisi Pyer-Emil Höybyerq qolla “Marsel”i önə keçirib. Lakin provanslılar üstünlüklərini sona qədər qoruya bilməyiblər. 88-ci dəqiqədə təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirən Elie Vai qonaqları məğlubiyyətdən xilas edib.

Bu nəticədən sonra xallarını 53-ə çatdıran “Marsel” turnir cədvəlində altıncı pillədə qərarlaşıb. Aktivində 30 xalı olan “Nitsa” isə 15-ci yerdədir.

23:22

Fransa Liqa 1-in 31-ci turunda “Havr” öz meydanında “Mets”i qonaq edib. Qarşılaşma 4:4 hesablı heç-heçə ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, meydan sahibləri oyuna fəal başlayaraq beşinci dəqiqədə Mbvana Samatta ilə hesabı açıblar. Doqquzuncu dəqiqədə Georgi Kvilitaia tarazlığı bərpa etsə də, 13-cü dəqiqədə Yasin Kehta “Qavr”ı yenidən önə keçirib. Fasiləyə az qalmış Qotye En hesabı 2:2 edib.

İkinci hissənin əvvəlində Yanis Zuaui penaltini dəqiq yerinə yetirərək meydan sahiblərini üçüncü dəfə üstün edib, lakin Dzayann Pandor dərhal cavab verib. 60-cı dəqiqədə Fode Dukur “Havr”ın dördüncü qolunu vursa da, son nöqtəni dubl edən Qotye En qoyub.

Hazırda “Havr” 31 xalla 14-cü, “Mets” isə 16 xalla 18-ci pillədə qərarlaşıb.

Paralel keçən oyunda “Renn” öz meydanında “Nant”ı qəbul edib. Meydan sahibləri bu görüşdən 2:1 hesablı qələbə ilə ayrılıblar.

Səkkizinci dəqiqədə Esteban Leopol penaltini dəqiq yerinə yetirərək hesabı açıb. “Nant” fasiləyə az qalmış İqnatius Qanaqo ilə bərabərliyi təmin etsə də, xalı qoruya bilməyib. 90-cı dəqiqədə Valantin Ronjye “Renn”ə üç xal qazandıran qola imza atıb.

Bu qələbədən sonra “Renn” 56 xalla beşinci pilləyə yüksəlib. 20 xalı olan “Nant” isə 17-ci yerdədir və elitada qalmaq şanslarını minimuma endirib.

Digər oyunda “Paris” öz meydanında “Lill” ilə qarşılaşıb. Qonaqlar minimal hesablı qələbə qazanaraq evə üç xalla dönüblər – 1:0.

Matçın taleyini həll edən yeganə qol 26-cı dəqiqədə vurulub. Matias Fernandes penalti zərbəsindən yararlanaraq komandasını önə keçirib.

Bu qələbə ilə “Lill” xallarını 57-yə çatdıraraq dördüncü pilləyə qalxıb. 38 xalı olan paytaxt klubu isə 12-ci sırada qərarlaşıb.

19:30

Fransa Liqa 1-in 31-ci turunda Fransanın “Strasbur” futbol komandası səfərdə “Loryan”ın qonağı olub. Gərgin keçən qarşılaşma qonaqların 3:2 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, meydan sahibləri oyuna daha yaxşı başlayaraq 26-cı dəqiqədə Noa Kadiu ilə hesabı açıblar. İkinci hissənin əvvəlində, 54-cü dəqiqədə Pablo Pajis fərqi iki topa çatdırıb. Lakin “Strasbur” təslim olmayaraq 62-ci dəqiqədə Sebastian Nanasinin qolu ilə ümidlənib.

Oyunun son hissəsində təzyiqi artıran qonaqlar Nataniel Acenin avtoqolu sayəsində tarazlığı bərpa ediblər. Matçın əlavə vaxtında isə Endryu Omobamidele “Strasbur”a qələbə gətirən qola imza atıb.

Bu nəticədən sonra xallarının sayını 46-ya çatdıran “Strasbur” turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. 41 xalı olan “Loryan” isə doqquzuncu yerdədir.

İdman.Biz