Bundesliqa: “Borussiya” “Frayburq”u darmadağın etdi – YENİLƏNİB + VİDEO

26 Aprel 2026 21:58
806
Bundesliqa: “Borussiya” “Frayburq”u darmadağın etdi – YENİLƏNİB + VİDEO

Almaniya Bundesliqasının 31-ci turunda “Borussiya” futbol komandası öz meydanında “Frayburq”u qonaq edib. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı darmadağını ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, dortmundlular oyuna fəal başlayaraq səkkizinci dəqiqədə hesabı açıblar. Rami Bensebaininin ötürməsini Maksimilian Bayer qola çevirib. Hücumlarını davam etdirən meydan sahibləri 14-cü dəqiqədə Seru Qirassi ilə fərqi iki topa çatdırıb. Matçın 32-ci dəqiqəsində isə Rami Bensebaini özü rəqib qapısına yol tapıb.

Görüşdə son nöqtəni final fitinə az qalmış Fabio Silva qoyub.

Bu qələbə ilə xallarının sayını 67-yə çatdıran “Borussiya” Dortmund turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Aktivində 43 xalı olan “Frayburq” isə səkkizinci yerdədir.

19:43

Almaniya Bundesliqasının 31-ci turunda Almaniyanın “Ştutqart” futbol komandası öz meydanında “Verder”i qonaq edib. “Ştutqart Arena”da baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, qonaqlar 18-ci dəqiqədə Yens Stagenin qolu ilə önə keçsələr də, meydan sahibləri 61-ci dəqiqədə Ermedin Demiroviçin sayəsində tarazlığı bərpa edə biliblər.

Bu nəticədən sonra “Ştutqart” 57 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Aktivində 32 xalı olan “Verder” isə 12-ci sıradadır.

Növbəti turda “Ştutqart” mayın ikincisi səfərdə “Hoffenhaym” ilə üz-üzə gələcək. “Verder” isə öz meydanında “Auqsburq”u qonaq edəcək.

İdman.Biz