ABŞ-dən İranın DÇ-2026-da iştirakı ilə bağlı rəsmi açıqlama

24 Aprel 2026 19:11
125
ABŞ-dən İranın DÇ-2026-da iştirakı ilə bağlı rəsmi açıqlama

ABŞ-nin dövlət katibi Marko Rubio rəsmi Vaşinqtonun İran yığmasının 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsində iştirakına maneçilik törətmədiyini bəyan edib. O bildirib ki, ABŞ hakimiyyəti iranlı idmançıların ölkəyə girişinə qadağa qoyulması ilə bağlı heç bir rəsmi qərar qəbul etməyib.

İdman.Biz xəbər verir ki, Rubio potensial çətinliklərin futbolçularla deyil, onları müşayiət edən şəxslərlə bağlı ola biləcəyini vurğulayıb.

“ABŞ-də heç kim İran yığmasına gəlməyin qadağan olunduğunu deməyib. Problem idmançılarda deyil, onların özləri ilə gətirmək istədikləri bəzi digər şəxslərdədir. Ola bilsin ki, biz həmin şəxslərin ölkəyə girişinə icazə verməyək, lakin bu, futbolçulara şamil olunmur”, - deyə Rubio qeyd edib.

Dövlət katibi həmçinin İranın yerini İtaliya yığmasının tutacağı ilə bağlı yayılan şayiələrə də münasibət bildirib. O qeyd edib ki, əgər İran turnirdə iştirak etməmək qərarına gəlsə, bu, onların şəxsi seçimi olacaq.

Xatırladaq ki, bir müddət əvvəl xüsusi elçi Paolo Dzampolli FIFA-ya İranın əvəzinə İtaliya namizədliyini nəzərdən keçirməyi təklif etmişdi.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı 2026-cı ilin 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadanın stadionlarında keçiriləcək.

İdman.Biz