ABŞ prezidenti Donald Trampın administrasiyasında DÇ-2026-ya hazırlıq üzrə Ağ Evin işçi qrupunun rəhbəri Endryu Culiani iki ölkə arasındakı gərgin münasibətlərə baxmayaraq, İran millisinin turnirə dəvət edildiyini açıqlayıb.
İdman.Biz “Politico” nəşrinə istinadla xəbər verir ki, Culiani prezidentlə bu barədə danışdığını və müsbət rəy aldığını bildirib.
“Mən İran komandası adından danışmayacağam, lakin deyə bilərəm ki, prezidentlə söhbətimiz zamanı o, iranlıları bura dəvət etdi. FIFA prezidenti də dünən İranın gələcəyi ilə bağlı bəyanat verdi. Ona görə də biz onları burada gözləyirik. Gözləntimiz odur ki, İran yığması iyunun əvvəlində Tusona gələcək, daha sonra isə Los-Anceles və Sietldə oyunlarını keçirəcək”, - deyə Culiani söyləyib.
Xatırladaq ki, bir qədər əvvəl FIFA prezidenti Canni İnfantino da “İran, əlbəttə ki, dünya çempionatına gəlməlidir” deyərək siyasi gərginliyin idmana təsir etməməli olduğunu vurğulamışdı.
