Futbol üzrə Şimali Koreyanın “Neqohyan” qadınlar komandası Asiya Qadınlar Çempionlar Liqasındakı tarixi qələbədən sonra ölkə lideri Kim Çen Inlə görüşüb.
İdman.Biz xəbər verir ki, Pxenyanda keçirilən görüşdə Kim Çen In komandanın futbolçularını və məşqçilər korpusunu qəbul edib.
“Neqohyan” bu uğurla Asiya Qadınlar Çempionlar Liqasını qazanan ilk Şimali Koreya klubu kimi tarixə düşüb. Komanda finalda Yaponiyanın “Tokio Verdi Beleza” futbol komandasına 1:0 hesabı ilə qalib gəlib. Həlledici qolu 44-cü dəqiqədə kapitan Kim Kyon Yon vurub.

Şimali Koreya təmsilçisi turnirdəki qələbədən sonra 2027-ci ildə keçiriləcək FIFA Qadınlar Çempionlar Kubokuna və 2028-ci ildə təşkil olunacaq ilk Qadın Klublararası Dünya Çempionatına vəsiqə qazanıb.
“Neqohyan”ın Cənubi Koreyadakı çıxışı da diqqət çəkib. Komanda son səkkiz ildə Cənubi Koreyaya səfər edən ilk Şimali Koreya idman heyəti olub.
