Cüdoçumuz Məhəmməd Musayev Avropa Kubokunda qızıl medal qazandı - FOTO

31 May 2026 11:22
86
Cüdoçumuz Məhəmməd Musayev Avropa Kubokunda qızıl medal qazandı - FOTO

Azərbaycanın gənc cüdoçusu Məhəmməd Musayev Avstriyanın Qrats şəhərində keçirilən gənclər arasında Avropa Kubokunda qızıl medal qazanıb.

İdman.Biz Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançımız yarışın ilk gününü çempion kimi başa vurub.

Musayev finaladək Almaniya, Xorvatiya, Belçika və Macarıstan təmsilçilərini mübarizədən kənarlaşdırıb. O, həlledici görüşdə Serbiya cüdoçusu Marko Yorqiçi ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Ölkəmiz turnirdə 11 çəki dərəcəsində 26 cüdoçu (16 oğlan, 10 qız) ilə təmsil olunur. Kollektivə gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın böyük məşqçi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edir.

Beynəlxalq turnirdə 34 ölkədən 676 idmançı (420 oğlan, 256 qız) mübarizə aparır. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova da yer alıb.

Aktivində bir qızıl medal olan Azərbaycan millisi ilk yarış günündən sonra oğlanlar arasında medal sıralamasında birinci, ümumi hesabda isə beşinci pillədə qərarlaşıb.

İdman.Biz