“Hazırda balaca, amma döyüşkən qızlar məşq etdirirəm” - Kifayət Qasımovanın İDMAN.BİZ-ə AÇIQLAMASI - FOTO

28 May 2026 13:37
209
“Hazırda balaca, amma döyüşkən qızlar məşq etdirirəm” - Kifayət Qasımovanın İDMAN.BİZ-ə AÇIQLAMASI - FOTO

Azərbaycanın tanınmış cüdoçusu, Avropa və dünya çempionatlarının mükafatçısı Kifayət Qasımova 2017-ci ildə keçirilən İslam Həmrəyliyi Oyunlarından sonra karyerasını başa vurub və hazırda yeni nəsil idmançıların yetişdirilməsi ilə məşğuldur.

O, İdman.Biz-ə açıqlamasında son illərdə qadın cüdosunun necə dəyişdiyindən danışıb.

Qasımovanın sözlərinə görə, bu idman növünə gələn qızların sayı əhəmiyyətli dərəcədə artıb:

“Mənim dövrümdə cəmi 3-4 cüdoçu qız var idi, bəzən isə ümumiyyətlə olmurdu. Elə hallar olurdu ki, qızlara oxumağa belə icazə vermirdilər, idman isə heç yada düşmürdü. Amma indi hər şey dəyişib. Mənim özümün təxminən 50 şagirdim var”.

O hesab edir ki, qadın cüdosunun populyarlaşmasına Azərbaycan Cüdo Federasiyasının fəaliyyəti də təsir göstərib: məşqçilərin səviyyəsinin yüksəldilməsi, infrastrukturun inkişafı, həkim və psixoloqların fəaliyyət göstərməsi, həmçinin çoxsaylı xarici təlim-məşq toplanışları və yarış səfərləri.

“Əvvəllər zallar çatışmırdı, bir çox uşaqlar üçün ən yaxın zala getmək belə çox uzaq idi. İndi isə demək olar ki, hər rayonda məşq etmək mümkündür. Bundan əlavə, cüdo dünyada ən populyar idman növlərindən biridir, Azərbaycanda isə medal sayına görə ən uğurlu növlərdən sayılır”.

Bununla yanaşı, Kifayət Qasımova qeyd edib ki, azərbaycanlı qadın cüdoçuların beynəlxalq arenadakı nəticələri hələlik təvazökar olaraq qalır:

“Şərait var, idmançıların sayı artır, amma nəticələr hələ zəifdir. Açığı, böyüklər arasında hazırda Avropa, dünya çempionatları və ya Olimpiada medallarına real namizəd görmürəm. Baxmayaraq ki, cüdo elə idman növüdür ki, burada hər şey mümkündür. Düşünürəm ki, zamana ehtiyac var. Bununla belə, perspektivli idmançılar mövcuddur. Məsələn, Fidan Əlizadə, Könül Əliyeva və Aydan Əliyeva. Mənim də balaca, amma çox döyüşkən qızlarım var. Onlardan 4-5 ildən sonra nəticə gözləyirəm”.

Qasımova gənc idmançılara müraciət edərək onları böyük uğurlara gedən yolda çətinliklər qarşısında təslim olmamağa çağırıb.

“Cüdo sadəcə idman deyil, şərəf yoludur. Siz ölkənizi təmsil edirsiniz, bayrağınızı qaldırırsınız, himniniz səslənir – bundan gözəl nə ola bilər? Əsas məsələ xarakter formalaşdırmaqdır. İdman insanı həm fiziki, həm də mənəvi baxımdan gücləndirir. Bir çoxları zədədən qorxur, amma insan adi həyatda da əlini sındıra bilər. Ona görə də məşqləri davam etdirin və inkişaf edin. Valideyn dəstəyi də çox vacibdir. Həmçinin cüdonun fəlsəfəsini anlamaq lazımdır: bu, təkcə mübarizə deyil, həm də dostluq, rəqibə hörmət, intizam və dürüstlükdür”, - deyə K. Qasımova əlavə edib.

İdman.Biz