Azərbaycan cüdo millisi olimpiya təsnifatını açacaq Ulan-Batorda (Monqolustan) keçiriləcək Böyük Dəbilqə turnirində güclü heyətlə çıxış edəcək.
İdman.Biz xəbər verir ki, 19–21 iyun tarixlərində baş tutacaq reytinq turnirinə 19 idmançımız yollanacaq. Onların arasında Paris Yay Oyunlarının qalibləri Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) də var.
Yarışda həmçinin Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq), Ruslan Paşayev, Nizami İmranov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tskayev (81 kq), Murad Fətiyev, Aslan Kotsoyev (hər ikisi 90 kq), Kənan Nəsibov və Camal Qamzatxanov (hər ikisi +100 kq) mübarizə aparacaq.
Qadınlardan ibarət milli komandanın heyətinə Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Leyla Əliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (63 kq), Südabə Ağayeva (70 kq) və Mədinə Kaisinova (+78 kq) daxildir.
Hazırda Böyük Dəbilqə turnirində 54 ölkədən 413 idmançı iştirak üçün qeydiyyatdan keçib.
Ölkələr üzrə iştirakçı sayına görə Azərbaycan yığması beşinci sıradadır. Fransa və Rusiya 26 cüdoçu ilə liderdir, onların ardınca Koreya (23), İtaliya (21) və Qazaxıstan (20) gəlir.
2026 Yay Oyunlarına seçilmənin əsas meyarı dünya reytinqidir. İdmançılar iki il ərzində dünya və qitə çempionatları, Böyük Dəbilqə turnirləri, Qran-Pri və Masters yarışları da daxil olmaqla reytinq yarışlarında xal toplayacaqlar.
Gözlənilir ki, hər çəki dərəcəsində reytinq cədvəlində ilk 17 yeri tutan idmançılar Los-Anceles vəsiqəsi əldə edəcək. Təbii ki, hər ölkədən hər çəki üzrə yalnız bir cüdoçunun iştirakına icazə verilir.
Qeyd edək ki, Azərbaycan cüdoçuları olimpiya təsnifatına hazırlıq çərçivəsində İspaniyanın Benidorm şəhərində Avropa Cüdo Birliyinin (EJU) himayəsi altında təlim-məşq toplanışı keçiriblər.
