Futbol üzrə U-14 Qızlar Liqasında çempion müəyyənləşdi - FOTO

24 May 2026 18:25
160
Futbol üzrə U-14 Qızlar Liqasında çempion müəyyənləşdi - FOTO

Futbol üzrə U-14 Qızlar Liqasında 2025/2026 mövsümünün qalibləri mükafatlandırılıb.

İdman.Biz xəbər verir ki, həlledici oyunlar FHN İdman Sağlamlıq Mərkəzinin stadionunda keçirilib.

Əvvəlcə üçüncü yer uğrunda qarşılaşma baş tutub. Bürünc medal uğrunda oyunda “Şəfa” “İsmayıllı”ya 3:1 hesabı ilə qalib gələrək mövsümü üçüncü pillədə tamamlayıb.

Final görüşündə isə “Sabah” və “Ulduz” komandaları üz-üzə gəliblər. Rəqibini 1:0 hesabı ilə məğlub edən “Ulduz” U-14 Qızlar Liqasının çempionu olub. “Sabah” mövsümü gümüş medalla başa vurub.

Oyunlardan sonra mükafatlandırma mərasimi keçirilib. “Şəfa” bürünc, “Sabah” gümüş, “Ulduz” isə qızıl medal və kubokla təltif edilib.

Fərdi nominasiyalar üzrə də qaliblər müəyyənləşib. “Ulduz”un futbolçusu Əsmər İsmayıllı 39 qolla liqanın ən məhsuldar oyunçusu seçilib. Mövsümün ən yaxşı futbolçusu adına isə “Sabah”ın üzvü Elina Kotikova layiq görülüb.

Mükafatları AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, texniki direktor Emrah Aykurt və Azərbaycan millisinin futbolçusu Alina Nəhmədova təqdim ediblər.

İdman.Biz