Siyasət Əsgərov: “Uğurlu nəticənin davamını gətirməyə çalışacağıq”

Xəbərlər
5 Dekabr 2023 21:47
169
Siyasət Əsgərov: “Uğurlu nəticənin davamını gətirməyə çalışacağıq”

“Əvvəlki oyunda qrup liderliyini təmin etmişdik. Kipr millisi ilə qarşılaşmadan sonra futbolçuları oyuna kökləmək bir qədər çətin idi”.

İdman.biz xəbər verir ki, bunu qadınlar futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Siyasət Əsgərov deyib.

Millətlər Liqasının son oyununda Farer adalarına 1:0 hesabı ilə qalib gələn millinin çalışdırıcısı rəqibin daha çox müdafiəyə fikir verdiyini bildirib. Əsgərov bunu qonaq komandanın ötən qarşılaşmada böyükhesablı məğlubiyyəti ilə əlaqələndirib: “Rəqibin də ötən matç böyükhesablı məğlub olması bizimlə oyuna daha ciddi yanaşmasına səbəb olmuşdu. Belə demək mümkünsə, daha çox müdafiə olunaraq əks-hücumlarda qol vurmağa çalışırdı. İlk hissə bizim üçün çətin oldu. Baxmayaraq ki, qol vurmaq üçün bir neçə imkanımız vardı. Fasilədən sonra istədiyimiz oyun planını qurub qələbə qolunu vur bildik. Qrupda 5 qələbə qazanıb, 1 heç-heçə etdik. Əldə olunan nəticələrə görə komandanın hər bir üzvünə təşəkkür edirəm. Bu uğurlu nəticənin davamını gətirməyə çalışacağıq. Bizi B Liqasında daha çətin rəqiblər, daha çətin oyunlar gözləyir. B Liqasındakı oyunlara da ciddi yanaşıb maksimum nəticə qazanmaq istəyirik”.

Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasının C divizionunda 6 oyunda 16 xal toplayaraq, qrupda birinci yeri tutub.

İdman.biz