Tennis üzrə US Open-in 1/4 finalında Karlos Alkarası məğlub edən Ben Şeltonun şəxsi həyatı da gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, ABŞ-li tennisçinin sevgilisi Triniti Rodman peşəkar futbolçudur və qadın futbolunun ən yüksək maaş alan oyunçularından biri hesab olunur.
Şelton Alkarası 6:7, 6:1, 6:3, 1:6, 7:6 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Dörd saat 28 dəqiqə davam edən qarşılaşma US Open tarixində ən gec yekunlaşan matç kimi tarixə düşüb.

23 yaşlı Şeltonun 24 yaşlı sevgilisi Triniti Rodman turnir boyu tribunadan ona dəstək verib.
Cütlük münasibətlərini 2025-ci ilin martında ictimailəşdirib. Həmin vaxtdan Rodman Şeltonun bir sıra turnirlərində iştirak edib, tennisçi də imkan daxilində sevgilisinin futbol oyunlarını tribunadan izləyib.
Triniti ABŞ-li basketbol əfsanəsi Dennis Rodmanın qızıdır. O, NWSL-də “Vaşinqton Spirit” komandasının hücumçusu kimi çıxış edir.
Rodman 2026-cı ilin yanvarında klubu ilə üçillik yeni müqavilə imzalayıb. Razılaşmanın bonuslarla birlikdə illik dəyəri 2 milyon dollardan (3.4 milyon AZN) çoxdur. Bu, NWSL tarixinin rekord müqaviləsidir.
Rodmanın agentinin açıqlamasına görə, yeni müqavilə onu dünyanın ən yüksək maaş alan qadın futbolçusuna çevirib.
Şelton daha əvvəl bildirib ki, peşəkar idmançı ilə münasibətdə olmağın üstünlüklərindən biri tərəflərin bir-birinin səfərləri, məğlubiyyətləri və zədələri daha yaxşı başa düşməsidir.
Triniti Rodman da son aylarda zədə səbəbindən müəyyən müddət yaşıl meydanlardan kənarda qalıb və həmin dövrdə Şelton ona dəstək verib.
Qeyd edək ki, Ben Şelton US Open-in yarımfinalında həmyerlisi Frensis Tiafo ilə sabah qarşılaşacaq.


