Azərbaycanın qadınlardan ibarət milli futbol komandasının üzvü Milana Rəhimova Latviya Kubokunun qalibi olub.
İdman.Biz Latviya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun formasını geyindiyi “Riga FC Women” finalda “RFS Women”i 3:0 hesabı ilə məğlub edib.
Riqadakı “LNK Sporta Parks” stadionunda keçirilən qarşılaşmanın ilk hissəsində hesab açılmayıb.
Fasilədən sonra “Riga” üstünlüyünü qola çevirib. Şiori Kato 51-ci dəqiqədə hesabı açıb, Karen Boliva isə 56-cı dəqiqədə penaltini dəqiq yerinə yetirib. Görüşün 75-ci dəqiqəsində vurulan üçüncü qol yekun nəticəni müəyyənləşdirib.

Beləliklə, “Riga FC Women” ardıcıl ikinci dəfə Latviya Kubokunun qalibi adını qazanıb.
Qeyd edək ki, Milana Rəhimova komandasının finala yüksəlməsində də pay sahibi olub. Azərbaycanlı futbolçu sentyabrın 19-da “Metta” ilə keçirilən yarımfinal qarşılaşmasının 13-cü dəqiqəsində fərqlənib. Həmin görüş də “Riga”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
