Futbol üzrə İngiltərənin “Börnli” qadın komandasının baş məşqçisi Ceki Baxteler doqquz ay əvvəl sepsis səbəbindən həyatı uğrunda mübarizə apardığını açıqlayıb.
İdman.Biz “BBC Sport”a istinadən xəbər verir ki, 37 yaşlı ABŞ-li mütəxəssis 2025-ci ilin dekabrında “Börnli”yə qoşulduqdan cəmi üç həftə sonra xəstəxanaya yerləşdirilib.
Baxteler əvvəlcə özünü pis hiss etməsini saat fərqi və gərgin iş qrafiki ilə əlaqələndirib. Lakin bir səhər məşq bazasında halı qəfil pisləşib, nəfəs almaqda çətinlik çəkib və klub həkiminə müraciət edib.
Onun qan təzyiqi sürətlə aşağı düşüb, qandakı oksigen səviyyəsi kritik həddə enib və mütəxəssis təcili xəstəxanaya aparılıb.

“Düzünü desəm, öləcəyimi düşündüm. Bədənimdə elə bir hiss var idi ki, sanki hər şey bitir. Nəyinsə çox pis getdiyini bilirdim”, - Baxteler bildirib.
Həkimlər əvvəlcə onu evə buraxmaq istəyiblər. Lakin Baxteler vəziyyətinin normal olmadığını hiss edərək əlavə müayinələr tələb edib. Qan analizi götürüldükdən sonra vəziyyətin ciddiliyi üzə çıxıb.
“Mənim təzyiqim birdən-birə düşdü. Yeriyə bilmirdim, çox başım gicəllənirdi, çaşqın vəziyyətdə idim. Dərimdə ləkələr yaranmağa başladı. Qan analizi götürüldükdən sonra birdən dörd-beş həkim mənə tərəf qaçdı. İki venadaxili sistem, antibiotik və oksigen maskası qoşuldu”, - o deyib.
Baxteler üçün ən ağır məqamlardan biri üçüncü gün ayağa qalxa bilməməsi olub.
“Yeriyə bilmirdim. Tualetə getmək üçün belə köməyə ehtiyacım vardı. Ölümün nə qədər yaxın olduğunu anlayanda həyata baxışın dəyişir”, - o vurğulayıb.
Xəstəlikdən sonra mütəxəssis yenidən yeriməyi öyrənməli olub və məşqçilik fəaliyyətinə fasilə verib. “Börnli” onu iyulda qadın komandasının baş məşqçisi kimi geri qaytarıb.
Baxteler hələ də sepsisdən sonrakı sindromun fəsadlarını yaşayır. Onda başgicəllənmə, həddən artıq yorğunluq, yaddaş problemləri və titrəmə halları davam edir.

Bir neçə həftə əvvəl keçirilən yoxlama oyununda da vəziyyəti yenidən pisləşib:
“İkinci hissədə ayağa qalxdım və sanki çox şərab içəndən sonra qalxırsan - hər şey fırlanırdı. Təlimatı verdim, sonra kafeyə gedib dedim: ‘Dondurucuda otura bilərəm?’ Sadəcə sakitləşməli idim. Sonra ağlamağa başladım. Sinir sistemim hələ də bərpa olunur.
İndi özümü təxminən 70-80 faiz əvvəlki Ceki kimi hiss edirəm. Buna görə kluba, həkimlərə minnətdaram. Amma ölümə çox yaxın idim. Həmin gün təcili yardım şöbəsi məni evə göndərsəydi, bu gün burada olmazdım”.
Baş məşqçi öz hekayəsi vasitəsilə insanların sepsisin əlamətlərini daha yaxşı tanımasını istəyir:
“Əvvəllər sepsisin nə olduğunu belə bilmirdim. Bunun nə qədər təhlükəli olduğunu və həkimlər tərəfindən nə qədər tez-tez nəzərdən qaçırıldığını başa düşmürdüm. Bu, səssiz qatildir”.
