Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

8 Noyabr 2026 05:13
41
Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

Nigeriyanın 17 yaşadək qızlardan ibarət futbol millisi tarixində ilk dəfə dünya çempionu olub.

İdman.Biz xəbər verir ki, Mərakeşdə keçirilən dünya çempionatının finalında Nigeriya Yaponiyanı 2:1 hesabı ilə məğlub edib. Bununla da Nigeriya bu yaş kateqoriyasında qadınlar arasında dünya çempionluğunu qazanan ilk Afrika ölkəsi kimi tarixə düşüb.

Sale şəhərindəki VI Məhəmməd Futbol Akademiyasında keçirilən qarşılaşmada hesab 39-cu dəqiqədə açılıb. Avavu Başirunun cərimə meydançasının kənarından vurduğu zərbədən sonra Yaponiya millisinin qapıçısı Kou Kadovaki topu saxlaya bilməyib.

İkinci hissənin başlanmasından cəmi iki dəqiqə sonra Oluebube Umejiaku fərqi artırıb. Yaponiya 80-ci dəqiqədə Fuki İtonun qolu ilə hesab arasındakı fərqi azaltsa da, məğlubiyyətdən xilas ola bilməyib.

Akım Busarinin rəhbərlik etdiyi Nigeriya millisi turnirə Polşaya 1:2 hesablı məğlubiyyətlə başlasa da, sonrakı altı qarşılaşmanın hamısında qalib gəlib.

Afrika təmsilçisi qrup mərhələsində Puerto-Riko və Şimali Koreyanı, pley-offda isə Meksika, Venesuela və Braziliyanı məğlub edib. Yarımfinalda Braziliya üzərində qazanılan 3:1 hesablı qələbə Nigeriyanı tarixində ilk dəfə finala çıxarıb.

Yaponiya üzərində qələbə isə Nigeriyaya ilk dünya çempionluğunu qazandırmaqla yanaşı, Afrika qadın futbolu üçün də tarixi nəticə olub.

İdman.Biz