U-17-nin baş məşqçisi: “Toplanışda itirdiklərimizdən çox qazandıq”

14 Sentyabr 2026 16:50
91
U-17-nin baş məşqçisi: “Toplanışda itirdiklərimizdən çox qazandıq”

Futbol üzrə Azərbaycanın 17 yaşadək qızlardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsinə hazırlıq çərçivəsində Bakıda və Qırğızıstanda keçirilən təlim-məşq toplanışında itirdiklərindən daha çox qazanıb.

Bunu komandanın baş məşqçisi Xanlar Əliyev deyib.

Mütəxəssis hazırlıq prosesinin təşkili və oyun qrafiki barədə danışıb.

“Avropa çempionatının seçmə mərhələsinə hazırlaşırıq və sentyabrın 28-də ilk matça çıxacağıq. Avqustun 24-də Bakıda hazırlığa başladıq, 28-də isə Qırğızıstana yola düşdük. Orada avqustun 30-da və sentyabrın 2-də iki qarşılaşma keçirdik. Bakıya qayıtdıqdan sonra sentyabrın 6-da və 9-da Gürcüstan yığması ilə yoldaşlıq matçlarına çıxdıq”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.

O, komandanın durumunu və qarşıdakı hədəfləri dəyərləndirib:

“Ümumilikdə hazırlıq mərhələsini çox yaxşı qiymətləndirirəm. Milli komandada ilk təlim-məşq toplanışım idi. Nəticələr bizi qane etməsə də, oyun baxımından yetərincə yol qət etdiyimizi düşünürəm. Üç gündən bir matça çıxdıq. Seçmə mərhələdə İrlandiya, Kosovo və Albaniya ilə çətin sınaqlarımız olacaq. Həmin yarışda da üçgünlük intervalla oynayacağıq. Bu baxımdan toplanış fiziki, psixoloji və taktiki hazırlıq üçün çox əlverişli keçdi. Qadın futbolunun inkişafı çərçivəsində aşağı yaş qruplarında əsas məqsəd U-19 və əsas milli üçün futbolçuların yetişdirilməsidir”.

X.Əliyev sınaq qarşılaşmaları haqqında fikirlərini də bölüşüb:

“Qırğızıstanla ilk görüşdə uduzsaq da, ikinci oyunda yetərincə qol imkanımız oldu. Gürcüstanla birinci matçda 0:1 hesabı ilə məğlub olsaq da, komanda yaxşı mübarizə apardı. Onlarla son qarşılaşma toplanışın 18-ci gününə təsadüf etdiyindən, mental və fiziki yorğunluq hiss olunurdu. İlk 20-25 dəqiqədə əlverişli fürsətlər yaxalasaq da, istifadə edə bilmədik və fərdi səhvlərdən qollar buraxdıq. Bununla belə, itirdiklərimizdən çox qazandıq. Oyunumuzu yaxşılaşdırdıq, müəyyən səviyyəyə gəlib çatdıq. İnanıram ki, bu hazırlıq sayəsində Avropa çempionatının seçmə mərhələsində uğurlu çıxış edəcəyik”.

Qeyd edək ki, Azərbaycan millisi Bakıda və Qırğızıstanda hazırlıq keçib. U-17 komandası toplanış çərçivəsində keçirdiyi yoldaşlıq matçlarında Qırğızıstan (0:3, 1:4) və Gürcüstan (0:1, 0:4) seçmələrinə məğlub olub.

İdman.Biz