Fiqurlu konkisürmə üzrə ikiqat olimpiya çempionu Yevgeni Plyuşenkonun oğlu, 13 yaşlı Aleksandr Plyuşenkonun idman vətəndaşlığını dəyişməsi sadəcə adi transfer xəbəri olmayıb.
İdman.Biz xəbər verir ki, Rusiyada bu hadisə qısa müddətdə buz arenasının sərhədlərini aşaraq qonşu ölkənin müxtəlif ictimai təbəqələri arasında geniş müzakirə mövzusuna çevrilib.
Ən sərt reaksiyalardan biri Rusiya Dövlət Dumasının deputatı Vitali Milonovdan gəlib. O, bu keçiddən narazı qaldığını gizlətməyib.
“Plyuşenko böyük səhvə yol verdi. 13 yaşlı fiqurlu konkisürən hələ müstəqil qərar vermir, ona görə də söhbət məhz atasından getməlidir. Bu, çox xoşagəlməz vəziyyətdir. Belə çıxır ki, onun üçün hansısa peşəkar məqamlar ölkədən daha önəmlidir. O, bütün bu müddətdə özünü o qədər ləyaqətlə aparırdı ki, sonda belə xoşagəlməz şəkildə yekunlaşması üzücüdür”, – deyə Milonovun sözlərini “Sport24” sitat gətirib.
Fiqurlu konkisürmə ilə bağlı tənqidi fikirlər səsləndirənlərdən biri də biatlon üzrə ikiqat olimpiya çempionu Dmitri Vasilyev olub. O etiraf edib ki, Plyuşenko soyadına görə bu hadisə xüsusilə kəskin qəbul olunur.
“Mən belə etməzdim. Aleksandr hələ çox gəncdir və gözləyə bilərdi. Bu addım Yevgeni Plyuşenkonun populyarlığını artırmayacaq və onun reputasiyasına təsir göstərə bilər”, - deyə Vasilyev həmin nəşrə bildirib.
Daha ehtiyatlı mövqe isə olimpiya çempionu və Dövlət Dumasının deputatı Svetlana Jurova tərəfindən sərgilənib. O, Plyuşenkolar ailəsini birbaşa qınamasa da, ictimai reaksiyanın ağrılı olacağını etiraf edib. Onun sözlərinə görə, bütün hüquqi prosedurlar yerinə yetirilibsə, bu, idmançının hüququdur. Lakin Jurova dərhal xəbərdarlıq edib: “Onun ünvanına vətənpərvərlik hissinin olmaması ilə bağlı ittihamlar səslənəcək”.
O, həmçinin xatırladıb ki, Aleksandr atasının özəl məktəbində məşq keçib və buna görə də onun fikrincə, Rusiya Federasiyası idmançının hazırlığına böyük maliyyə vəsaiti yatırmayıb. Bununla yanaşı, Jurova ailənin qərarını sırf idman məntiqi ilə izah edib: 13 yaşlı fiqurlu konkisürənə artıq beynəlxalq təcrübə lazımdır və Azərbaycanda rəqabət daha aşağıdır.
Öz növbəsində SSRİ-nin əməkdar məşqçisi Tatyana Tarasova hesab etmir ki, Rusiya istedadlı idmançını itirib.
“Cəfəngiyat danışmayın. Burada hansı itkidən söhbət gedə bilər? Əslində, bu hadisə Plyuşenko kiçiyin idman statusuna görə yox, soyadına görə bu qədər səs-küy doğurub”, – deyə Tarasova bildirib.
Bu arada fiqurlu konkisürmə üzrə üçqat olimpiya çempionu İrina Rodnina Aleksandr Plyuşenkonun keçidi ilə bağlı vəziyyəti dramatikləşdirməyib və idman miqrasiyasının artıq müasir idmanın bir hissəsinə çevrildiyini vurğulayıb.
“Niyə hamı məhz Saşa Plyuşenkoya fokuslanıb? Bizdə Tutberidzenin qızı kimlərin adına çıxış etməyib ki? Mən onun keçidlərinin azarkeşlərimizi və ya jurnalistləri qəzəbləndirdiyi barədə heç bir məlumat görməmişəm. İnsan başqa ölkənin adına çıxış edir, üstəlik onun üç vətəndaşlığı var. Budur sizə vətənpərvərlik tərbiyəsi və mənəvi sima”, - deyə Rodninanın sözlərini Rusiya KİV-ləri yayıb.
Qeyd edək ki, hələ dünən Yevgeni Plyuşenko və oğlu "Instagram" hesablarını “bağlayıblar”. Buna səbəb izləyicilər tərəfindən ünvanlarına yönələn tənqid dalğası olub.
Əlavə edək ki, mayın 22-də, cümə günü milli Qış İdman Növləri Federasiyası İdman.Biz-ə Aleksandr Plyuşenkonun Azərbaycan idman vətəndaşlığı aldığını təsdiqləyib. Bundan bir gün əvvəl isə bu barədə Plyuşenko kiçi və atası açıqlama vermişdilər. Həmçinin dünən Rusiya Fiqurlu Konkisürmə Federasiyası 13 yaşlı idmançıya idman vətəndaşlığını dəyişməyə imkan verən beşillik buraxılış məktubu təqdim edib.
