Rusiyalı fiqurlu konkisürən Veronika Jilinaya Azərbaycan millisinə keçmək üçün icazə alıb.
İdman.Biz “RİA Novosti”yə istinadən xəbər verir ki, müvafiq qərar bu gün Rusiya Fiqurlu Konkisürmə Federasiyasının (FFKKR) İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
Bildirilib ki, Beynəlxalq Konkisürmə İttifaqında (ISU) xüsusi sənədləşmə prosesi tamamlandıqdan sonra 18 yaşlı idmançı beynəlxalq yarışlarda rəsmi şəkildə Azərbaycanı təmsil edə biləcək.
Jilina ikiqat olimpiya çempionu Yevgeni Plyuşenkonun akademiyasında məşq edir. Veronika 2023/24 mövsümündən bəri yarışlarda iştirak etmir.
Ötən il Jilina sosial şəbəkələrdə Azərbaycan pasportu aldığını və Azərbaycan millisində çıxış etmək üçün ISU-ya müraciət etdiyini açıqlamışdı. Lakin Rusiya tərəfi onun hazırlığı üçün xərclənən vəsaitin tam ödənilmədiyini əsas gətirərək keçidə mane olmuşdu.
Nəticədə, Jilina Azərbaycan millisinin heyətində 2026-cı il Qış Olimpiya Oyunlarına vəsiqə uğrunda mübarizə apara bilməmişdi.
