Fiqurlu konkisürmə üzrə dördqat Olimpiya mükafatçısı, üçqat dünya və yeddiqat Avropa çempionu Yevgeni Pluşenko yenidən Bakıya gəlib. Təcrübəli mütəxəssis paytaxtımızda təşkil olunan fiqurlu konkisürmə üzrə təlim-məşq toplanışında iştirak edib. Gənclər və idman naziri Fərid Qayıbov ustad dərsinə baxıb.
İdman.Biz xəbər verir ki, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin Buz Arenasında keçirilən toplanışda Yevgeni Pluşenko Azərbaycanda fəaliyyət göstərən “Ocaq” və “Tamis” idman klublarının üzvləri üçün ustad dərsləri keçib.

Məşqlərdən sonra təəssüratlarını bölüşən Olimpiya çempionu Azərbaycan komandasının bir hissəsi olmaqdan məmnunluğunu ifadə edib:
"Qış İdman Növləri Federasiyası məni yığma komandaya kömək etmək üçün dəvət edib. Artıq bir həftədir buradayıq və uşaqlarla çalışırıq. İnanıram ki, yaxşı komanda formalaşacaq və mərhələli şəkildə uğurlu nəticələr əldə olunacaq".

Yevgeni Pluşenko gələcək planlarından da danışıb. O, Emin Ağalarovla birlikdə yaxın gələcəkdə “Sea Breeze”də konkisürmə və hokkey məktəbinin, həmçinin buz arenasının yaradılmasını planlaşdırdıqlarını bildirib:
"Bakıya tez-tez gələcəyəm. Şəxsən özüm Azərbaycanı təmsil edən bir neçə idmançıya məşq keçirəm. Təxminən ay yarımdan sonra yenidən burada olacağam və uşaqlar üçün tam master-klas təşkil edəcəyəm. Hazırda istədiyimiz yüksək mərhələdə olmasaq da, birlikdə çalışaraq buna nail ola bilərik".

Qeyd edək ki, son illər ölkəmizdə qış idman növlərinin inkişafı istiqamətində atılan addımlar bu sahəyə olan marağı əhəmiyyətli dərəcədə artırıb.
