Azərbaycanlı fiqurlu konkisürən Nərgiz Süleymanova əsas beynəlxalq yarışlardan biri – dünya çempionatındakı iştirakı ilə mövsümü başa vurub. Qadınların tək yarışında ölkəmizi məhz Nərgiz təmsil edib.
Bu, idmançı üçün ikinci dünya çempionatı idi. Təəssüf ki, o, final mərhələsinə - sərbəst proqrama vəsiqə qazana bilməyib.
İdman.Biz Nərgiz Süleymanova bu barədə onunla həmsöhbət olub.
- Dünya çempionatındakı çıxışınızı necə qiymətləndirirsiniz?
- Ümumilikdə çıxışım inamlı idi: yaxşı məqamlar oldu, amma bir neçə səhv də buraxdım. Emosiyalarım qarışıqdır – başlanğıcdakı səhvdən sonra da yüksək səviyyədə çıxış edə bildiyim üçün sevinirəm, amma əlbəttə, potensialımın hamısını göstərə bilməmək məyus edir. Buna baxmayaraq, buz üzərində keçirdiyim hər saniyədən zövq aldım və düşünürəm ki, bu, proqram boyu hiss olunurdu. Və təbii ki, Azərbaycanı təmsil etmək mənim üçün böyük şərəf və qürurdur.
- Səhvdən söz düşmüşkən, ondan sonra planlaşdırdığınız kombinasiyanı dəyişdiniz...
- Bəli, çıxış zamanı vəziyyətə tez uyğunlaşmaq və qərarları yerindəcə vermək lazımdır ki, proqramın strukturu qorunsun və mümkün qədər təmiz icra olunsun.

- Dünya çempionatında digər azərbaycanlı idmançılar – Vladimir Litvintsev və rəqs dueti Samantra Ritter/Daniyel Brikalov da çıxış edirdi. Onlarla tanışsınız və bir-birinizi dəstəkləyirsiniz?
- Bəli, tanışıq. Müxtəlif qrafiklərə görə tez-tez görüşə bilmirik, amma ümumilikdə əlaqə saxlayırıq və komandada çox yaxşı atmosfer var. Yanında səni dəstəkləyən insanların olması xoşdur.
- Azərbaycan millisində perspektivli gənc idmançı Arina Kaluqina da var. Onun nəticələrini izləyirsiniz?
- Gənc idmançıların çıxışlarını izləməyə çalışıram. Onun potensialı var və üzərində işləsə, nəticələrini xeyli yaxşılaşdıra bilər.

- Növbəti mövsüm üçün yeni proqramlar barədə artıq düşünürsünüz?
- Yeni proqramları müzakirə edirik. Texniki çətinliyi artırmağı və stabillik üzərində işləməyi planlaşdırıram. Əsas məqsəd inkişaf və daha inamlı çıxışlardır.
- Azərbaycan səfəri planlarınızda varmı?
- Yaxın vaxtlarda Bakıya gəlməyə çalışacağam, bəlkə də artıq gələn ay. Nənəm və bir çox qohumlarım orada yaşayır, buna görə bu şəhər həyatımda xüsusi yer tutur. Mən Bakını çox sevirəm - o, mənə güc və ilham verir.
