Daha çox “Qnom Qnomıç” kimi tanınan 13 yaşlı fiqurlu konkisürən Aleksandr Plyuşenko gələcəkdə Azərbaycanı beynəlxalq yarışlarda təmsil edə bilər. Rusiya Fiqurlu Konkisürmə Federasiyası artıq ona icazə verib və son qərar Beynəlxalq Konkisürmə İttifaqının (ISU) təsdiqindən asılı olacaq.
Formal olaraq, bu, idman vətəndaşlığının dəyişdirilməsi üçün standart bir prosedur kimi görünür. Amma əslində bu məsələdə cavabdan çox sual var.
Əsas məqamdan başlayaq. Aleksandr Plyuşenko, şübhəsiz ki, mediada tanınmış fiqurdur. Yevgeni Plyuşenkonun oğlu, Rusiyanın ən tanınan gənc fiqurlu konkisürənlərindən biridir, buz şoularının iştirakçısıdır və sosial mediada müntəzəm olaraq iştirak edir. Lakin şöhrətinə baxmayaraq, o, beynəlxalq səhnədə əhəmiyyətli nəticələr əldə edən idmançı deyil. Üstəlik, onun karyerası indiyədək yüksək səviyyəli yarış təcrübəsi ilə deyil, şou proqramlarla bağlıdır.
Və bu yerdə əsas sual ortaya çıxır: Belə bir idmançı Azərbaycanın nəyinə lazımdır?
İdman miqrasiyasının arxasındakı məntiq adətən sadədir. Ölkələr ya dərhal medal qazana bilən tanınmış ulduzları, ya da aşkar inkişaf perspektivi vəd edən idmançıları dəvət edirlər. İndiki halda, nə birincini, nə də ikincini görmürük. Əgər oğul Plyuşenko dünya fiqurlu konkisürmənin gələcək ulduzu kimi görülsəydi, Rusiya tərəfi onu bu qədər asanlıqla buraxmazdı. Güclü məktəbi və rəqabəti olan bir ölkədə belə idmançılar adətən saxlanılır və inkişaf etdirilir.
Beləliklə, vurğu idman performansına deyil, ada yönəlir. Bəs ad sistemi əvəz edə bilərmi?
Aleksandr Plyuşenkonun Olimpiya Oyunlarına vəsiqə qazana biləcəyini fərz etsək belə, sadəcə iştirak faktı ölkədə idmanın inkişafının göstəricisi deyil. Olimpiya Oyunları təməl deyil, zirvədir. Və Azərbaycanda fiqurlu konkisürmənin təməli olduqca zəif olaraq qalır.
Bu gün bu idman növünün inkişafı tamamilə fərqli qərarlar tələb edir. Bunlara aşağıdakılar daxildir:
güclü əcnəbi məşqçilərin cəlb edilməsi;
uşaq-yeniyetmə səviyyəsindən hazırlıq sisteminin qurulması;
peşəkar infrastrukturun yaradılması;
buz meydançalarının sayının artırılması;
bacarıqlı idarəetmə və təşviq.
Bunlar olmadan, hər hansı bir ayrıca “idxal” layihəsi strategiya yox, kosmetikadır.
Digər vacib məqam idmançının harada və necə məşq edəcəyidir. Aleksandr Plyuşenkonun Rusiyada, tanış mühitində məşq etməyə davam edəcəyi aydındır. Bu o deməkdir ki, Azərbaycanın onun idmançı kimi inkişafında heç bir rolu olmayacaq. Ən yaxşı halda, Azərbaycan yarışlarda rəsmi təmsilçilik alacaq. Ən pis halda, nəticə verməyən ad alacaq.
Və hətta ən yaxşı ssenaridə belə, aşağıdakı sual yaranır: bundan sonra nə olacaq? Tutaq ki, bir idmançı yarışır, ilk üçlükdən kənarda qalır və ya hətta medal qazanır, amma ölkə daxilində fiqurlu konkisürməyə davamlı maraq yarada bilmir, təməlin qoyulmasına töhfə vermir və... karyerasını, ən azından bayrağımız altında bitirir.
Bundan sonra nə qalır? Hansı təməl? Hansı məktəb? Hansı istedad? Azərbaycan və onun fiqurlu konkisürmə idmanı bundan nə qazanacaq?
Cavab açıqdır: heç nə.
Buna görə də, bu cür addımlar yaxşı düşünülmüş strategiyanın bir hissəsi kimi yox, əksinə, böyük bir ada arxalanan sitiuativ qərardır. Bəlkə də bunun qısamüddətli informativ təsiri olacaq. Lakin uzunmüddətli perspektivdə bu cür qərarlar nə sistemi, nə də nəticələri formalaşdırmayacaq.
İdmanın inkişafı fərdi adlarla bağlı deyil. Bu, mühit, infrastruktur və ardıcıl işlə bağlıdır. Vurğu təməldən simvolik addımlara keçənə qədər Azərbaycan fiqurlu konkisürmədə hər hansı ciddi irəliləyiş gözləyə bilməz.
Həmid Həmidov
