Britaniyalı xizəkçi Qabriel Qledhill Norveçin Holmenkollen şəhərində keçirilən Dünya kuboku mərhələsində hər kəsi heyrətləndirən hərəkətə imza atıb. İdmançı 50 kilometrlik marafon məsafəsini tamaşaçıların təklif etdiyi spirtli içkiləri qəbul edərək tamamlayıb.
İdman.Biz xəbər verir ki, Qledhill yarışın atmosferindən o qədər təsirlənib ki, üçüncü dövrədən etibarən azarkeşlərin pivə, şnaps və “Yeqermayster” təkliflərinə “yox” deməyib. Yarış ərzində 10 qutudan çox pivə içən xizəkçi məsafənin sonunu sərxoş vəziyyətdə və ürəkbulanma ilə mübarizə apararaq yekunlaşdırıb.
Maraqlıdır ki, britaniyalı idmançı finişə özündən 45 dəqiqə sonra start götürən qadın xizəkçilərin lider qrupu ilə birlikdə çatıb. O, kişi marafounun qalibindən 20 dəqiqə geri qalsa da, sonuncu yeri tutmayıb. Qledhill yaşadıqlarını belə təsvir edib:
“Bu, inanılmaz dərəcədə əyləncəli idi. Mən kifayət qədər sərxoş idim. Dəlicəsinə bir təcrübə idi. Holmenkollendə əsas məsələ zövq almaqdır”.
Lakin Norveç mediası və idman ekspertləri idmançının bu davranışını kəskin tənqid edərək, bunu peşəkarlığa zidd adlandırıblar. Qabriel Qledhill isə tənqidlərə “mən heç kimin yarışını korlamadım” deyərək cavab verib.
Xatırladaq ki, Holmenkollen marafounu azarkeşlərin çılğınlığı və idmançılara müxtəlif içkilər təklif etməsi ilə məşhurdur, lakin peşəkar idmançıların bu təklifləri kütləvi şəkildə qəbul etməsi nadir hadisə hesab olunur.
