Çingiz Hüseynzadə: “İnanıram ki, Rüstəm idmana qayıdacaq”

Müsahibə
11 May 2024 16:56
137
Çingiz Hüseynzadə: “İnanıram ki, Rüstəm idmana qayıdacaq”

"İdman və idmançılar haqqında film çəkmək ən vacib məsələlərdən biridir".

İdman.biz xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə "Hələ heç nə bitməyib - Rüstəm İmanzadə" filminin premyerasında deyib.

O bildirib ki, belə filmlər Azərbaycanda gənc nəslin tərbiyə olunmasında böyük rol oynayır: "Milli Olimpiya Komitəsi bu işlə artıq uzun zamandır məşğul olur. Bu filmin xüsusi yeri var. Çünki bu dram yarışda xəsarət alan idmançıya həsr olunub. Dünya idman tarixində belə atletlər çox olub və onlar yenidən idmana qayıdıblar. Azərbaycanda da müəyyən qəzaya məruz qalanlar yenidən karyeralarını bərpa ediblər. Çox məşhur boksçumuz Rövşən Hüseynov böyük qəza keçirdikdən sonra Olimpiya Oyunlarında çıxış edərək, 5-ci yeri tutdu. Rüstəmə də bunu arzu edirəm. İnanıram ki, o, idmana qayıdacaq".

Hüseynzadə filmdə diqqətini cəlb edən məqama da toxunub: "Rüstəm dedi ki, mən vaxtı gələndə vətənə öz xidmətimi göstərəcəm. Rüstəm, sənin üçün hələ heç nə bitməyib, amma Qarabağ müharibəsi başa çatıb. Arzulayıram ki, idmana qayıdasan və hərbiçi kimi də Vətənə töhfəni verəsən".

Qeyd edək ki, Rüstəm İmanzadənin həyatına həsr olunan film Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə ərsəyə gəlib.

Banuçiçək Hüseynli
İdman.biz