İsa Rüstəmov Avropa çempionatında gümüş medal qazanıb - FOTO/VİDEO

21 Aprel 2026 22:38
129
İsa Rüstəmov Avropa çempionatında gümüş medal qazanıb - FOTO/VİDEO

Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxış edərək fəxri kürsüyə qalxıb. 71 kq çəki dərəcəsində mübarizə aparan idmançımız qitə birinciliyinin gümüş medalına sahib çıxıb.

İdman.Biz xəbər verir ki, təmsilçimiz birdən qaldırma hərəkətində 147 kq nəticə göstərərək ikinci pillədə qərarlaşıb. O, bu göstərici ilə yarışın gümüş medalını aktivinə yazdırıb. İsa Rüstəmov təkanla qaldırma hərəkətində isə 180 kq çəkini ram edərək bu növdə dördüncü yeri tutub.

İki hərəkətin cəmində toplam 327 kq nəticə göstərən ağırlıqqaldıranımız yekun sıralamada da yarışı dördüncü pillədə başa vurub.

Qeyd edək ki, Batumi İdman Sarayında təşkil olunan Avropa çempionatı aprelin 26-dək davam edəcək.

İdman.Biz