Sərdar Həsənov: “Avropa çempionatında Azərbaycan millisinin üzvlərindən gözləntilərimiz var”

7 Aprel 2026 14:25
276
Sərdar Həsənov: “Avropa çempionatında Azərbaycan millisinin üzvlərindən gözləntilərimiz var”

Gürcüstanın Batumi şəhərində Avropa çempionatında iştirak edəcək Azərbaycanın ağırlıqqaldırma millisinin hər bir üzvündən gözləntilər var.

Bunu Azərbaycanın böyüklərdən ibarət ağırlıqqaldırma yığmasının baş məşqçisi Sərdar Həsənov deyib.

Mütəxəssis komandanın şansları və heyətlə bağlı danışıb.

“Avropa çempionatına 4 idmançı ilə yollanacağıq. Millinin əsas üzvlərindən Dadaş Dadaşbəyli hazırda zədəsini sağaltmaqla məşğuldur. Bu səbəbdən onu Gürcüstandakı yarışda görə bilməyəcəyik. Yarışa yollanacaq komandanın hər bir üzvündən gözləntimiz var. Məqsəd təkcə medal qazanmaq yox, eyni zamanda idmançıların çıxışında inkişaf dinamikasına nail olmaqdır. Müəyyən idmançılar var, onlarla işləyirik, qarşıdakı yarışlarda da şans verəcəyik. Amma Avropa çempionatında qadın idmançılarımızın iştirakı nəzərdə tutulmayıb”, - deyə o, report.az-a açıqlamasında bildirib.

Qeyd edək ki, qitə birinciliyində Tehran Məmmədov (60 kq), İsa Rüstəmov (71 kq), Ravin Əlməmmədov (79 kq) və Əli Şükürlü (110 kq) Azərbaycanı təmsil edəcək. Yarış aprelin 19-dan 26-dək təşkil olunacaq.

İdman.Biz