Batumidə ikinci olan İsa Rüstəmov: “Dünya çempionatında qızıl medal qazanmaq istəyirəm”

22 Aprel 2026 16:38
167
Batumidə ikinci olan İsa Rüstəmov: “Dünya çempionatında qızıl medal qazanmaq istəyirəm”

Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov bu il dünya çempionatında qızıl mükafatı hədəfləyib.

71 kq çəki dərəcəsində çıxış edən atlet birdənqaldırma hərəkətində 147 kq nəticə göstərərək ikinci yeri tutmasına münasibət bildirib.

“Mükafatçılar sırasına düşdüyüm üçün şükür edirəm. Vətənimizə əliboş qayıtmırıq, medalla dönürük. Daha yaxşı nəticə göstərə bilərdim. Ola bilsin ki, öz üzərimdə daha çox çalışmalıyam. Çünki qızıl mükafat qazanmaq lazım idi. Bu, böyüklər arasında ikinci Avropa çempionatım idi. Ötən il qızıl, gümüş və bürünc mükafata nail olmuşdum. Bu dəfə isə bir gümüş medalım oldu. Bu il dünya çempionatında qızıl mükafat qazanmağı hədəfləyirəm”, - deyə o, report.az-a açıqlamasında söyləyib.

İ.Rüstəmov yarışa hazırlığın yaxşı keçdiyini sözlərinə əlavə edib:

“Azərbaycan Ağırlıqqaldırma Federasiyasına, məşqçilər heyətinə təşəkkür edirəm. Üzərimdə böyük əziyyətləri var. Onların ümidlərini doğrultmaq, digər yarışlarda daha yaxşı nəticə qazanmaq üçün əlimdən gələni edəcəyəm. Birdən və təkanla qaldırmada nəticələr istədiyim kimi olmadı. Deməli, nələrisə səhv etmişəm. Texnikam üzərində işləməliyəm”.

İdman.Biz