Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəylinin Gürcüstanın Batumi şəhərində keçiriləcək Avropa çempionatında iştirak etməməsinin səbəbi müəyyənləşib.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, 110 kq çəki dərəcəsində çıxış edən atlet ötən il aldığı zədəyə görə ağrılarının yenidən baş qaldırdığını söyləyib.
“2025-ci ildə keçirilən dünya çempionatı zamanı dizimdən aldığım zədə hələ də tam sağalmayıb. Buna baxmayaraq, ötən il Ər-Riyad şəhərində təşkil olunan Altıncı İslam Həmrəyliyi Oyunlarında iştirak etdim, uğurlu nəticələr qazandım. Bundan sonra ağrılarım artmağa başladı. Mənim üçün çətin dönəm idi. Hazırda bərpa prosesi keçirəm. Tam sağaldıqdan sonra yenidən yarışlara qatılacağam”, - deyə o açıqlamasında bildirib.
Qeyd edək ki, aprelin 19-dan 26-na kimi keçiriləcək Avropa çempionatı üçün Azərbaycan millisinin ilkin heyəti açıqlanıb. Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytındakı siyahıda Tehran Məmmədov (65 kq), İsa Rüstəmov (71 kq), Ravin Alməmmədov (79 kq) və Əli Şükürlünün (110 kq) adları qeyd edilib.
