Ağırlıqqaldırma üzrə Azərbaycan Kubokunun açılış mərasimi keçirilib - FOTO

Xəbərlər
16 Dekabr 2023 15:03
162
Ağırlıqqaldırma üzrə Azərbaycan Kubokunun açılış mərasimi keçirilib - FOTO

Şüvəlan qəsəbəsindəki Ağırlıqqaldırma Mərkəzinin yarış zalında ağırlıqqaldırma üzrə Azərbaycan Kubokunun təntənəli açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov ölkəmizdə idmanın inkişafından danışıb.

O idmana dövlət tərəfindən ən yüksək səviyyədə - cənab Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən diqqət və qayğı göstərildiyini qeyd edib.

Bildirilib ki, məhz bu diqqətin sayəsində idmançılarımız beynəlxalq arenalarda bayrağımızı fəxrlə dalğalandırır, zirvələri fəth edirlər.

Umudov Azərbaycan ağırlıqqaldırma idman növündə də uğurlar qazanıldığını, son olaraq bir neçə gün əvvəl keçirilən Qətər Qran-prisində Dadaş Dadaşbəylinin çempion olduğunu xatırladıb.

Startı verilən Azərbaycan Kubokunun böyük əhəmiyyəti daşıdığını bildirən qurum rəsmisi bu turnirlər vasitəsilə neçə-necə çempionlar, qaliblərin yetişəcəyinə əminliyini vurğulayıb.

Daha sonra Azərbaycan Kuboku açıq elan edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Sonda mərasimin bədii hissəsinə keçilib.

Qeyd edək ki, bu gün start götürən ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku dekabrın 17-də başa çatacaq.

İdman.biz