Avropa birinciliyində 15 medal qazanmış ağırlıqqaldıranlarla görüş keçirilib - FOTO

1 Sentyabr 2026 15:54
84
Avropa birinciliyində 15 medal qazanmış ağırlıqqaldıranlarla görüş keçirilib - FOTO

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) Prezidenti Kamran Nəbizadə Priştina şəhərində keçirilmiş Avropa birinciliyində 15 medal qazanan komanda üzvləri ilə görüşüb.

İdman.Biz xəbər verir ki, görüşdə AAF-ın vitse-prezidenti Firdovsi Umudov, yığma komandanın məşqçiləri, idmançılar və həkim heyəti iştirak edib.

Kamran Nəbizadə atletləri salamlayaraq, Avropa birinciliyində göstərdikləri nəticələrə görə hər bir idmançıya təşəkkür edib. O, gələcək yarışlarda daha böyük uğurlar gözlədiyini bildirib və nəticələrin inkişaf etdirilməsi üçün daha çox çalışmağın vacibliyini vurğulayıb.

AAF Prezidenti həmçinin nizam-intizamın uğurların əldə olunmasında mühüm rol oynadığını qeyd edərək, məşqçi heyətinə və Firdovsi Umudova təşəkkürünü çatdırıb.

Daha sonra Firdovsi Umudov çıxış edərək, Avropa birinciliyinə hazırlıq zamanı komanda üzvləri üçün bütün şəraitin yaradıldığını bildirib. O, idmançıların göstərilən etimadı doğrultduğunu vurğulayıb və qarşıdakı yarışlarda da uğurlu nəticələr gözlədiyini qeyd edib.

Yığma komandanın baş məşqçisi Sərdar Həsənov da Avropa birinciliyinin yekunlarını dəyərləndirib. O, komandanın yarışa yaxşı hazırlaşdığını bildirərək, gələcək turnirlərdə nəticələri daha da yaxşılaşdırmağa çalışacaqlarını deyib.

Görüşün sonunda komanda üzvləri ilə xatirə fotosu çəkdirilib.

İdman.Biz