“Qadın voleybolçulardan ibarət Azərbaycan millisi hazırda yaxşı təsir bağışlayır”.
Bunu Azərbaycan millisinin sabiq voleybolçusu Yelena Şabovta deyib.
O, uzun fasilədən sonra Bakıya gələcəyini və Azərbaycan yığmasının oyunlarını canlı izləyəcəyini vurğulayıb.
“Milli komanda hazırda yaxşı təsir bağışlayır. Bütün oyunçuları bir araya toplamaq və komandanı bu heyətdə görmək məni çox sevindirir. Düşünürəm ki, bu, hamını birləşdirmək və yığmanı hazırlamaq üçün mühüm iş görən Faiq Qarayevin müstəsna xidmətidir. Millinin çıxışını öz gözlərimlə görmək üçün xüsusi olaraq Bakıya gəlirəm. Bu, mənim üçün özəl məqamdır, çünki Bakı üçün çox darıxmışam. Uzun müddət idi ki, burada olmurdum. Yenidən gəlmək və yığmanı dəstəkləmək imkanına görə şadam”, - deyə o report.az-a açıqlamasında söyləyib.
Y.Şabovta Avropa çempionatında komandanın perspektivi barədə tələsik proqnoz vermək istəmədiyini qeyd edib:
“Əvvəlcə ilk matçı görmək, komandanın hansı vəziyyətdə olduğunu, meydançada necə qarşılıqlı əlaqə quracağını və turnirə hansı əhval-ruhiyyə ilə çıxacağını müşahidə etmək istərdim. Yalnız ilk oyundan sonra şansları daha obyektiv qiymətləndirə və çempionatda ən şanslı komandanın adını çəkə bilərəm”.
Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda C qrupunda Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə mübarizə aparacaq.
Bakıdakı oyunlar avqustun 28-nə qədər Milli Gimnastika Arenasında təşkil olunacaq. Sentyabrın 6-na qədər davam edəcək AVRO-2026 Azərbaycan, Türkiyə, İsveç və Çexiyanın ev sahibliyi ilə keçirilir.
Reqlamentə əsasən, qruplarda ilk 4 yeri tutan komandalar pley-offa yüksələcək.
