Bu gün Bakıda qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun oyunlarına start veriləcək.
İdman.Biz xəbər verir ki, Azərbaycan millisi turnirdə ilk görüşünü Portuqaliya yığmasına qarşı keçirəcək. Milli Gimnastika Arenasında baş tutacaq qarşılaşma saat 19:00-da başlayacaq.
Matçdan əvvəl, saat 18:15-də Avropa çempionatının açılış mərasimi keçiriləcək.
Faiq Qarayevin rəhbərlik etdiyi Azərbaycan yığması C qrupunda Portuqaliya ilə yanaşı, Niderland, Belçika, Rumıniya və İspaniya komandaları ilə mübarizə aparacaq. Reqlamentə əsasən, qrup mərhələsini ilk dördlükdə başa vuran komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Bakıda keçiriləcək oyunlar avqustun 28-dək davam edəcək. Sentyabrın 6-da başa çatacaq AVRO-2026 Azərbaycanla yanaşı, Türkiyə, İsveç və Çexiyanın ev sahibliyi ilə təşkil olunur.
