UEFA ÇL: “Sabah” Buxarestdə “Hapoel Beer-Şeva”ya məğlub oldu - YENİLƏNİB + VİDEO

20 Avqust 2026 01:01
1 386
UEFA ÇL: “Sabah” Buxarestdə “Hapoel Beer-Şeva”ya məğlub oldu - YENİLƏNİB + VİDEO

"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Hapoel Beer-Şeva"ya 1:2 hesabı ilə məğlub olub.

İdman.Biz xəbər verir ki, Buxarestdə keçirilən qarşılaşmada hesabı 6-cı dəqiqədə "Sabah"ın futbolçusu Velko Simiç açıb.

"Hapoel Beer-Şeva" 43-cü dəqiqədə Ceyvon İstin qolu ilə tarazlığı bərpa edib. İsrail təmsilçisinin qələbə qolunu isə 80-ci dəqiqədə İqor Zlatanoviç vurub.

Beləliklə, "Sabah" cavab oyunu öncəsi minimal hesablı məğlubiyyət alıb.

Tərəflər arasında cavab qarşılaşması avqustun 25-də Bakıda keçiriləcək.

Paralel keçən oyunlarda "Seltik" LASK-ı 3:0 hesabı ilə məğlub edib. "Seltik"də qolların ikisini "Qarabağ"ın keçmiş hücumçusu Kamilo Duran vurub. "Slovan Bratislava" - "Tsele" görüşü isə 1:1 hesabı ilə başa çatıb. "Bodo-Qlimt" səfərdə NEC üzərində 3:0 hesablı qələbə qazanıb.

00:38

"Hapoel Beer-Şeva" İqor Zlatanoviçin 79-cu dəqiqədə vurduğu qolla hesabda önə çıxır - 2:1.

00:05

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən "Hapoel Beer-Şeva" - "Sabah" qarşılaşmasında ikinci hissə başladı.

İdman.Biz xəbər verir ki, ilk 45 dəqiqədən sonra hesab 1:1-dir.

23:49

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən "Hapoel Beer-Şeva" - "Sabah" qarşılaşmasında ilk hissə başa çatıb.

İdman.Biz xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən 45 dəqiqədə qapılara iki qol vurulub və hesab bərabərdir - 1:1.

Oyunun 6-cı dəqiqəsində "Sabah"ın heyətindən Velko Simiç hesabı açıb. 43-cü dəqiqədə isə rəqibin heyətindən Ceyvon İst fərqlənib.

23:45

Oyunun 43-cü dəqiqəsində "Hapoel Beer-Şeva"nın oyunçusu Ceyvon İst hesabı bərabərləşdirir - 1:1.

23:07

"Sabah"ın heyətindən Velko Simiç 6-cı dəqiqədə hesabı açır - 0:1.

22:56

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən ilk oyunlar başladı.

İdman.Biz xəbər verir ki, Azərbaycan çempionu "Sabah" səfərdə İsrailin "Hapoel Beer-Şeva" futbol klubu ilə qarşılaşır.

22:31

Bu gün "Sabah" UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin pley-offunda ilk oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Valdas Dambrauskasın komandası İsrailin "Hapoel Beer-Şeva" klubu ilə qarşılaşacaq. Matç neytral meydanda, Rumıniyanın Buxarest şəhərində keçiriləcək.

Komandaların start heyətləri məlum olub.

"Hapoel Beer-Şeva": Ofir Marsiano, Migel Vitor (k), İtay Rotman, Qay Mizrahi, Pedro Amador, Niv Yeoşua, Lukas Ventura, Eliel Perets, Ceyvon İst, Zahi Ahmad, İqor Zlatanoviç.

Baş məşqçi: Ran Kojux.

"Sabah": Stas Pokatilov (k), Stiv Solvet, Rəhman Daşdəmirov, Akim Zedadka, Timoteuş Puxaç, İvan Lepinitsa, Umarali Rahmonaliyev, Aleksey İsayev, Velko Simiç, Ksander Severina, Coy-Lans Mikkels.

Baş məşqçi: Valdas Dambrauskas.

Görüş "Giuleşti" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçın baş hakimi italiyalı Davide Massadır.

Cavab oyunu avqustun 25-də Bakıda keçiriləcək.

09:13

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyunlar keçiriləcək.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" İsrailin "Hapoel Beer-Şeva" futbol klubu ilə üz-üzə gələcək. Qarşılaşma təhlükəsizlik səbəbindən Rumıniyanın paytaxtı Buxarestdəki "Quleşti" stadionunda təşkil olunacaq.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu, "Sabah"ın klub tarixində Çempionlar Liqasının pley-off mərhələsində ilk oyunu olacaq.

"Sabah" üçüncü təsnifat mərhələsində Danimarkanın "Orhus" klubunu mübarizədən kənarlaşdırıb. Bakıdakı cavab görüşündə rəqibinə 4:0 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi iki oyunun nəticəsinə görə 5:2 hesablı üstünlüklə pley-offa yüksəlib. "Hapoel Beer-Şeva" isə Serbiyanın "Srvena Zvezda" klubunu iki oyunun yekununda 3:0 hesabı ilə üstələyib.

Bu cütün qalibi UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq. Cavab qarşılaşması avqustun 25-də Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionundakı oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Bu gün Çempionlar Liqasının pley-off mərhələsində daha üç oyun keçiriləcək. Şotlandiyanın "Seltik" futbol klubu Avstriyanın LASK komandası ilə, Slovakiyanın "Slovan Bratislava" klubu Sloveniyanın "Tsele" təmsilçisi ilə, Niderlandın NEC komandası isə Norveçin "Bodo-Qlimt" klubu ilə qarşılaşacaq. Bütün bu görüşlərin start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

19 avqust
Çempionlar Liqası, pley-off mərhələsi

23:00 "Hapoel Beer-Şeva" – "Sabah"
23:00 "Seltik" – LASK
23:00 "Slovan Bratislava" – "Tsele"
23:00 NEC – "Bodo-Qlimt"

İdman.Biz