“EuroVolley 2026”: Azərbaycan Avropanı yenidən təəccübləndirməyə qadirdirmi? - İDMAN.BİZ-in İCMALI

20 Avqust 2026 17:31
279
“EuroVolley 2026”: Azərbaycan Avropanı yenidən təəccübləndirməyə qadirdirmi? - İDMAN.BİZ-in İCMALI

Sabah qadın voleybolçular arasında Avropa çempionatının Bakı qrup mərhələsinə start veriləcək. Azərbaycan, Türkiyə, Çexiya və İsveçin ev sahibliyi etdiyi “CEV EuroVolley 2026” turniri Bakıda Azərbaycan - Portuqaliya oyunu ilə açılacaq. Bundan başqa, millimizin qrupdakı rəqibləri İspaniya, Rumıniya, Belçika və Niderland olacaq.

Azərbaycan üçün bu turnir xüsusi əhəmiyyət daşıyır. İlk növbədə, komanda yenidən doğma meydanda çıxış edəcək. Bundan başqa, heyətdə karyerasının son Avropa çempionatını keçirəcək Polina Rəhimova da yer alacaq.

Azarkeşlərin millidən ciddi nəticə gözləməyə haqqı var. Çünki Azərbaycan daha əvvəl Avropa arenasında diqqətçəkən uğurlara imza atıb. 2016-cı ildə komanda Avropa Liqasının qalibi olub. Avropa çempionatlarında isə ən yaxşı nəticə iki dəfə – 2005 və 2017-ci illərdə əldə edilən dördüncü yerlərdir.

Komanda xüsusilə doğma meydanda keçirilən AVRO-2017-də medal qazanmağa çox yaxın olub. Yarımfinalda Niderlanda qarşı Azərbaycan voleybolçuları yalnız beşinci setdə – 2:3 (25:20, 19:25, 19:25, 27:25, 12:15) hesabı ilə uduzublar. Daha sonra bürünc medal uğrunda görüşdə Türkiyəyə məğlub olublar.

Həmin turnirin əsas siması Polina Rəhimova olub. O, yarımfinalda 38 xal toplayıb, bütün turniri isə altı oyunda 151 xalla bombardir kimi başa vurub. Rəhimova 2015-ci ildə Yaponiyada peşəkar klub matçında 58 xal toplayaraq məhsuldarlıq üzrə dünya rekordu da müəyyənləşdirib.

İndi isə o, millinin heyətində son Avropa çempionatında iştirak edəcək. Rəhimova karyerasını ikiqat başa vuracaq: 2025/26 mövsümü onun klub səviyyəsində də son mövsümü olacaq. Uzun illər xarici klublarda çıxış etdikdən sonra o, karyerasını Azərbaycanda – “DH Volley” klubunda başa çatdırmaq qərarına gəlib.

Qeyd edək ki, Avropa çempionatının heyətində komandanın digər liderləri – hücumçu Yelizaveta Ruban, kapitan və mərkəz hücumçusu Ayşən Əbdüləzimova, həmçinin toppaylayıcı Kristina Besman da yer alıb.

Azərbaycan üçün son Avropa çempionatları daha çətin keçib. 2019-cu ildə millimiz 10-cu, 2021-ci ildə sonuncu – 24-cü, 2023-cü ildə isə 17-ci yeri tutub. Buna görə də builki turnir komandanın yenidən qitənin diqqətçəkən kollektivləri sırasına qayıtması üçün şansdır.

Niderland – əsas favorit

Qrupun ən ciddi rəqibi Azərbaycanla son turda qarşılaşacaq Niderland hesab olunur. Məhz niderlandlılar doğma meydanda keçirilən AVRO-2017-nin yarımfinalında millimizi mübarizədən kənarlaşdırıblar. Həmin turnirdə Niderland gümüş medal qazanıb. Bundan sonra da komanda Avropanın aparıcı yığmaları sırasında qalmağı bacarıb: 2019-cu ildə beşinci, 2021-ci ildə dördüncü, 2023-cü ildə isə üçüncü yeri tutub.

2023-cü ilin son Avropa çempionatında niderlandlılar doqquz oyundan səkkizində qalib gəlib və cəmi dörd set uduzublar. Bürünc medal uğrunda görüşdə isə həmin vaxtın Avropa çempionu İtaliyanı inamlı şəkildə – 3:0 hesabı ilə məğlub ediblər.

Niderlandın aktivində Avropa çempionatlarında yeddi medal var. Bunların arasında 1995-ci ildə qazanılan qızıl medal da yer alır. Komanda həmçinin Dünya Qran-prisinin qalibi olub, 2016-cı il Olimpiya Oyunlarında və 2018-ci il dünya çempionatında dördüncü yeri tutub.

Bununla belə, qarşılıqlı oyunların tarixi Azərbaycana nikbinlik üçün əsas verir. Millimiz 2015 və 2017-ci illərdə Bakıda Niderlandı ardıcıl iki dəfə 3:0 hesabı ilə məğlub edib.

İndi isə avqustun 28-də rəqiblər həmin AVRO-2017 yarımfinalından doqquz il sonra yenidən Milli Gimnastika Arenasında qarşılaşacaqlar. Tamamilə mümkündür ki, bu görüş qrupun ümumi taleyinə təsir edən əsas oyunlardan birinə çevrilsin.

Portuqaliya: münasib seçim, yoxsa təhlükəli tələ?

Azərbaycanın ilk rəqibi Portuqaliya olacaq. Azərbaycan voleybolçuları püşkatma zamanı məhz bu komandanı özləri seçiblər. Avropa çempionatının qrup mərhələsinə ev sahibliyi edən bütün ölkələrə belə seçim hüququ verilmişdi.

İlk baxışdan bu, qrupdakı ən münasib variantdır. Portuqaliya Avropa çempionatında cəmi ikinci dəfə iştirak edəcək. Debütü 2019-cu ildə baş tutub və 24-cü, yəni sonuncu yerlə nəticələnib: komanda qrup mərhələsində keçirdiyi beş oyunun hamısında məğlub olub.

Lakin hazırkı Portuqaliya yığması həmin komandadan xeyli fərqlənir. İnkişafın əsas göstəricisi 2024-cü ildə Gümüş Avropa Liqasının qazanılması olub. Finalda portuqaliyalılar Finlandiyaya 0:3 hesabı ilə uduzduqları ilk oyundan sonra cavab qarşılaşmasının ilk setini də məğlubiyyətlə başa vursalar da, ardınca üç partiyanı dalbadal qazanıblar. “Qızıl set”də isə 23:21 hesabı ilə üstün olublar.

Portuqaliyanın Azərbaycan üzərində sensasion qələbə təcrübəsi də var. AVRO-2015-in seçmə mərhələsində portuqaliyalılar 2014-cü ildə 3:2 hesabı ilə qalib gəliblər. Lakin cəmi bir həftə sonra Bakıda Azərbaycan millisi 3:1 hesablı qələbə ilə revanş alıb. Buna görə də rəqibi qətiyyən kiçik hesab etmək olmaz.

İspaniya: Azərbaycanın yaxşı tanıdığı rəqib

İspaniya Avropa çempionatlarında müntəzəm iştirak edir, lakin hələlik qitənin elit komandaları sırasına daxil ola bilməyib. Yığmanın Avropa çempionatlarında ən yaxşı nəticəsi 2009-cu ildə əldə etdiyi doqquzuncu yerdir.

Bununla belə, son turnirlərdə müsbət dinamika müşahidə olunur: 2019-cu ildə 15-ci, 2021-ci ildə 20-ci, 2023-cü ildə isə artıq 13-cü yer. Əvvəlki Avropa çempionatında ispanlar qrupda iki qələbə qazanaraq 1/8 finala yüksəlib və burada gələcək çempion İtaliyaya 0:3 hesabı ilə uduzublar.

Maraqlıdır ki, cəmi iki ay əvvəl İspaniya Avropa Liqasında Azərbaycanı artıq məğlub edib – 3:1. Lakin həmin vaxt Faiq Qarayevin rəhbərlik etdiyi Azərbaycan komandası əsas heyətlə çıxış etmirdi. Buna görə də avqustun 23-də Bakıda keçiriləcək görüş qüvvələr nisbətinə dair daha real təsəvvür yaradacaq.

Rumıniya: təcrübə, inkişaf və tanış məşqçi

Rumıniya tarixən İspaniya və Portuqaliyadan daha uğurlu komandadır. Yığma Avropa çempionatlarında yeganə medalını – bürünc mükafatı – hələ 1963-cü ildə qazanıb. 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində isə Rumıniya mütəmadi olaraq Avropanın ilk səkkiz komandası arasında yer alıb.

Son illər isə nəticələr qeyri-sabit olub: 2019-cu ildə 13-cü, 2021-ci ildə 23-cü, 2023-cü ildə isə 11-ci yer. Son Avropa çempionatında Rumıniya 1/8 finala qədər irəliləyib və burada Fransaya 1:3 hesabı ilə uduzub, lakin rəqibinə ciddi müqavimət göstərib.

Bununla yanaşı, Rumıniya turnir öncəsi mühüm oyunçusunu – Adelina Buday-Unquryanunu itirib. O, Avropa Liqasında dizindən ağır zədə alıb və AVRO-2026-da iştirak etməyəcək.

Rumıniya ispaniyalı Qilyermo Naranxonun rəhbərliyi altında inkişafını davam etdirir. Maraqlıdır ki, baş məşqçi Yelizaveta Rubanı yaxşı tanıyır. Ruban daha əvvəl onun rəhbərliyi altında Rumıniyanın “Alba-Blaj” klubunda çıxış edib. Turnir öncəsi Naranxo da ayrıca Rubanı, Rəhimovanı və Abdüləzizovanı fərqləndirib.

Azərbaycanla Rumıniya arasındakı şəxsi görüşlərin tarixçəsi isə birmənalı deyil. Azərbaycanlı voleybolçular 2015-ci il Avropa Oyunlarında və AVRO-2019-da Rumıniyanı məğlub ediblər. Lakin sonuncu qarşılaşmada – 2025-ci ildə “Golden League” çərçivəsində – Rumıniya yığması 3:0 hesabı ilə inamlı qələbə qazanıb.

Belçika: həyatı çətinləşdirə biləcək bürünc medalçı

Belçika da daha bir ciddi sınaq olaraq qalır. Komanda 2013-cü ildə Avropa çempionatının bürünc medalını qazanıb. Bu, Belçikanın tarixində yeganə medaldır. Üçüncü yer uğrunda görüşdə belçikalılar Serbiyanı 3:2 hesabı ilə məğlub ediblər.

Son illərdə nəticələr daha təvazökar olub: 2019-cu ildə doqquzuncu, 2021-ci ildə 13-cü, 2023-cü ildə isə 15-ci yer. Bununla belə, doğma meydanda keçirilən AVRO-2023-də Belçika 1/8 finala qədər yüksəlib və gərgin mübarizədə gələcək çempion Türkiyəyə 1:3 hesabı ilə uduzub. Üstəlik, dördüncü set türklər üçün xüsusilə gərgin keçib və 32:30 hesabı ilə başa çatıb.

Azərbaycanın Belçika ilə də öz qarşılaşma tarixi var. 2015-ci il Avropa Oyunlarında Bakıda Azərbaycan millisi 3:2 hesabı ilə qalib gəlib. Lakin Avropa çempionatlarında vəziyyət əksinə olub: Belçika yığması 2015 və 2021-ci illərdə Azərbaycanı 3:0 hesabı ilə məğlub edib.

Beləliklə, Azərbaycan üçün doğma meydanda keçiriləcək AVRO-2026 yaxşı tanıdığı rəqiblərlə bağlı tarixi hekayələrin davamı olacaq. Son Avropa çempionatlarında yaşanan uğursuzluqlardan sonra millimiz qitənin ən güclü komandaları ilə yenidən rəqabət aparmağa hazır olduğunu göstərməlidir.

İdman.Biz