Avropa Voleybol Konfederasiyası (CEV) qadın voleybolçular arasında Çempionlar Liqasında çıxış edən “Turan”ın uğuruna vurğu edib və Tovuz klubunun hədəflərini Azərbaycanın əfsanəvi komandalarının nailiyyətləri ilə müqayisə edib.
İdman.Biz xəbər verir ki, CEV bu barədə “Turan”ın Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Bolqarıstanın “Maritsa” komandasını məğlub etməsindən sonra məlumat yayıb. Səfərdə keçirilən qarşılaşma Azərbaycan təmsilçisinin 3:0 (25:22, 25:22, 25:20) hesablı qələbəsi ilə başa çatıb.
Konfederasiya “Turan”ın üstün oyununu və komandanın meydandakı ahəngdar çıxışını xüsusi qeyd edib. Bildirilib ki, Tovuz təmsilçisi qələbəyə 81 dəqiqəyə nail olub. CEV əlavə edib ki, klub debüt mövsümündə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün noyabrın 11-də keçiriləcək cavab oyununda istənilən hesabla qalib gəlməlidir.
CEV-in materialında “Turan”ın vaxtilə Avropanın ən güclü komandaları sırasında yer alan “Rabitə” kimi Azərbaycan klublarının yolunu davam etdirmək istədiyi vurğulanıb.
Qeyd edək ki, “Rabitə” Azərbaycan voleybol klubları arasında beynəlxalq arenada ən böyük uğurlara imza atan komandadır. Bakı təmsilçisi 2011-ci ildə klublararası dünya çempionatının qalibi olub, bir il sonra isə gümüş medal qazanıb. Bundan başqa, komanda 2011 və 2013-cü illərdə CEV Çempionlar Liqasının gümüş, 2014-cü ildə isə bürünc medalına sahib çıxıb.
Avropa turnirlərində fərqlənən digər Azərbaycan klubu “Azərreyl”dir. Bakı təmsilçisi 2002-ci ildə CEV Top Komandalar Kubokunun, 2011-ci ildə isə Çağırış Kubokunun qalibi olub.
CEV kişi voleybolu üzrə Çempionlar Liqasında debüt edən “Xilasedici”nin çıxışına da toxunub. Konfederasiyanın məlumatına görə, Azərbaycan klubunun Portuqaliya “Sportinq”i ilə ev oyununu 1500 azarkeş izləyib. Görüşdə 2:1 hesabı ilə önə keçən təmsilçimiz üstünlüyünü qoruya bilməyib və qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
“Xilasedici” ilə “Sportinq” arasında cavab görüşü noyabrın 11-də Portuqaliyada keçiriləcək. Məğlub olacağı təqdirdə Azərbaycan klubu mübarizəni CEV Kubokunda davam etdirəcək.
